AŞPA-da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə layihəsi qəbul olunub
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında «Ukraynadakı son vəziyyət: demokratik təsisatların fəaliyyətinə təhlükə» adlı hesabat ətrafında müzakirələr olub.
APA-nın Avropa müxbiri xəbər verir ki, Ukrayna mövzusu bu yaz sessiyasına «fövqəladə müzakirələr» kimi əlavə olunub və sözügedən hesabat qurumun Monitorinq Komitəsi adından estoniyalı millət vəkili, xanım Mailis Reps və isveçli millət vəkili, xanım Marietta Purbe-Lundin tərəfindən hazırlanıb. Assambleyanın Monitorinq Komitəsinin üzvləri artıq dünənki və bugünkü toplantılarında bu sənədi, demək olar, yekdilliklə qəbul etmişdilər. Komitənin iclaslarında Rusiya tərəfinin irəli sürdüyü əlavə və dəyişikliklər qəbul olunmadı və Komitə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişdi.
Hesabatda əsasən üç əsas istiqamət qeyd olunub: Assambleya Ukraynadakı formalaşan mövcud hakimiyyəti legitim hesab edir, Ukraynanın Krım bölgəsinin işğalının özəyindəki hadisələrin və səbəblərin Rusiya tərəfindən təhrik edilməsi və Ukraynada başlamış “maydan” hərəkatının nəticəsi kimi Krım bölgəsinin və eləcə də ölkənin ruslar yaşayan digər bölgələrinin Ukraynadan ayırılması və ya başqa bir ölkəyə birləşdirilməsi qəbuledilməz olduğunu qeyd edir.
Plenar iclasdakı müzakirələrdə də Rusiya nümayəndə heyəti üzvlərindən başqa, çıxış edən Assambleya üzvlərinin demək olar ki hamısı Ukraynanın mövqeyni, onun ərazi bütövlüyünü dəstəkləyərək, Krımın Rusiya tərəfindən işğal olunmasını qətiyyətlə pislədilər. Hətta Fransa Milli Assambleyasında və AŞPA-da Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi məsələsində qəti ermənipərəst mövqe tutan, Fransa – Dağlıq Qarabağ dostluq qrupunun yaradılmasının təşəbbüskarı və Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmiş Fransalı millət vəkili Rene Ruke öz çıxışında, “Mən bir fransız vətəndaşı olaraq dünyada bütün ölkələrin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinin olduqca vacib bir məsələ olduğunu qeyd etmək istərdim”, demişdir.
Hesabat ətrafında müzakirələrdə Assambleya Rusiya-Ukrayna böhranında tam olaraq Ukraynanın mövqeyini dəstəkləsə də, bununla belə, Rusiyanın Ukraynadakı vəziyyəti gərginləşdirməsinə baxmayaraq, məruzəçilər Ukraynanı ölkədəki demokratik təhsisatların, stabilliyin davamlı şəkildə bərkidilməsi üçün bu istiqamətdə tezliklə lazım olan islahatları həyata keçirməyi çağırıb. Müzakirələrdən sonra Qətnamə layihəsinə əlavə və dəyişiklilər üzrə səsvermələr keçirildi. Lakin Rusiyanın hesabatı yumuşaltmaq istiqamətindəki cəhdləri boşa çıxdı, əsaslı əlavə və dəyişikliklərin heç biri qəbul olunmadı və sonda qətnamə layihəsi bütünlüklə səsə qoyularaq səs çoxluğu ilə – 154 səs lehinə, 29 əleyhinə – qəbul olundu.
Qeyd edək ki, bu gün, hələ plenar iclasdakı müzakirələrdən öncə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edən Rusiyanın qurumdakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov yerli jurnalistlərə açıqlamasında Komitə üzvlərinin Rusiyaya qarşı qərəzli mövqe tutduqlarını bildirmişdi «Çox təəssüflə qeyd etməliyəm ki, biz bu məsələdə çox yüksək səviyyədə və tam şəkildə siyasiləşmiş mövqe ilə üz-üzə gəlmişik. Mən bu qurumun tarixində hələ belə qərəzli münasibətə rast gəlməmişəm. Bu, tam geopolitik bir münasibətdir – Kiyev hakimiyyətinin etdiyi hər şey doğrudur, Rusiyanın təkliflərinin isə heç biri düz deyil. Biz burada nə təklif etdiksə, hamısına qarşı, demək olar, mənfi münasibət gördük. Bəzi texniki nüansları çıxmaq şərti ilə, bizim təklif etdiyimiz əsas əlavə və dəyişikliklərimizin heç biri qəbul olunmadı».
Apa.az