ANAMA: Azərbaycanda minatəmizləmə əməliyyatları üçün hazırlanmış itlərin sayı artırılacaq

Posted by

ANAMA: Azərbaycanda minatəmizləmə əməliyyatları üçün hazırlanmış itlərin sayı artırılacaq

ANAMA: Azərbaycanda minatəmizləmə əməliyyatları üçün hazırlanmış itlərin sayı artırılacaq

ANAMA: Azərbaycanda minatəmizləmə əməliyyatları üçün hazırlanmış itlərin sayı artırılacaq

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən hazırlanaraq minaaxtarma əməliyyatlarına cəlb olunmuş itlərin sayı artırılacaq. Bu barədə Trend-ə ANAMA-nın əməliyyatlar üzrə meneceri Samir Poladov deyib.

Onun sözlərinə görə, ANAMA yarandığı ilk gündən minatəmizləmə əməliyyatlarına xüsusi təlimlər keçmiş itlər də cəlb olunub. Lakin onlar əsasən Avropa ölkələrindən alınıb gətirilirdi və qiyməti də çox baha olurdu. Ona görə də ANAMA-nın özünün tərkibində Kinoloji Mərkəzin yaradılması haqqında qərar qəbul edilib: “Təxminən bir il əvvəl 2 itə müvafiq təlim keçərək minaaxtarma əməliyyatlarına cəlb etdik. Bu itlərə özümüz təlim keçirik. Hazırda daha 15 it təlimlərdən keçərək əməliyyatlara cəlb olunması üçün hazırdır. Lakin qaydaya görə, əməliyyata buraxılmamışdan öncə itlər və onların bələdçiləri akkreditasiyadan keçməlidirlər. Təxminən bir həftəyə onların akkreditasiya məsələsi həll olunmalıdır. Bu zaman it və onun bələdçisi imtahan olunur. Yəni real minalanmış xüsusi sahədə itlər minaları və partlayıcıları aşkar etməlidir. Yalnız bundan sonra onlar minatəmizləmə əməliyyatlarına cəlb olunacaqlar”.

S.Poladov qeyd edib ki, gələcəkdə ehtiyac olarsa, ANAMA tərəfindən hazırlanmış itlər digər işlərə də cəlb edilə bilər: “Dövlət tərəfindən sifarişlər olarsa, ANAMA-nın itləri digər xüsusi əməliyyatlar zamanı da partlayıcı maddələrin tapılması işlərinə cəlb edilə bilər”.

Menecer bildirib ki, hazırda ANAMA-nın Kinoloji Mərkəzində ümumilikdə 55 it var: “Onlar əvvəlcə Göygöldəki Regional Təlim bazasında doğulur, onlara ilkin təlim keçilir, böyüyəndən sonra isə Füzuli rayonundakı valyerə gətirilir və burada xüsusi plan üzrə konkret minaaxtarma təlimlərinə cəlb olunurlar. Dünyada çox az ölkədə mina və partlayıcı maddələr axtaran itlər hazırlanır. Artıq Azərbaycan da həmin ölkələr sırasındadır”.

Qeyd edək ki, 2014-cü ilin fevral ayına olan məlumata görə, indiyədək Azərbaycanda cəmi 250 milyon 409 min 799 kvadratmetr ərazi təmizlənib, 689 min 52 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Hazırda əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, eləcə də 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Gəncə, Qəbələ, Xocavənd, Tərtər, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

 

Trend.az