Azad Rəhimov Türkiyəyə səfərə gedib
Gənclər və idman naziri Azad Rəhimov aprel 7-dən etibarən Türkiyənin Antalya şəhərində öz işinə başlayan “SportAccord” Beynəlxalq Konvensiyasının növbəti illik sessiyasında iştirak etmək üçün bu ölkəyə rəsmi səfərə yola düşüb. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sessiya çərçivəsində beynəlxalq federasiyaların prezidentləri və baş katibləri, idmanla əlaqəli şirkətlərin rəhbərləri ilə görüşlərin və müzakirələrin keçirilməsi imkanları yaradılır.
Tədbir zamanı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası, Yay və Qış Olimpiya Oyunları Beynəlxalq federasiyalarının baş assambleyaları, İdman Assosiasiyalarının Müstəqil Üzvləri Birliyinin plenar iclası və digər görüşlər keçiriləcək.
Tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına aid sərgi təşkil olunacaq və Avropa Oyunlarının təqdimatı keçiriləcək.
Sessiya 10 aprel tarixində öz işinə yekun vuracaq.
Qeyd edək ki, “SportAccord” Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə qlobal tədbirlər keçirən təşkilatdır.
Trend.az