“Windows Phone” istifadəçiləri üçün “Baku Airport” əlavəsi təqdim olunub
“Windows Phone 8” əməliyyat sisteminin istifadəçiləri “Baku Airport” eksklüziv mobil əlavədən yararlana bilər. Trend-in məlumatına görə, bu barədə “Microsoft Azerbaijan” şirkətini xəbər yayıb.
“Safaroff Creative Agency” tərəfindən “Windows Phone 8” üzərində işləyən mobil qurğulardan istifadə edən Bakı əhalisi və şəhərin qonaqları üçün “Baku Airport” yeni mobil əlavəsi hazırlanaraq təqdim olunub. Sözügedən əlavədə GHC şirkətinin (Ground Handling Company) təqdim etdiyi Heydər Əliyev Beynəlxalq Aeroportunda aviareyslərin canlı cədvəli əks olunub. Bundan başqa, “Baku Airport” əlavəsi vasitəsilə istifadəçilər təyyarənin nə vaxt havaya qalxması və ya enməsi, uçuş müddəti, çıxış (“gate”) nömrəsi, təyyarənin növü və bu kimi məlumatları əldə edə bilərlər. “Baku Airport” istifadəçiləri əlavə vasitəsilə həmçinin, məlumat xidmətinə (Help Desk Call) zəng edə bilərlər.
Əlavənin unikal xüsusiyyəti Heydər Əliyev Beynəlxalq Aeroportuna yolun göstəricisidir. “Baku Airport” əlavəsini “Windows Phone” marketindən (“Marketplace”) pulsuz yükləmək və quraşdırmaq mümkündür.
1975-ci ildə təsis edilmiş “Microsoft” korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. “Microsoft” korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.
2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.
Trend.az