Serbiyanın nüfuzlu “Lisa” jurnalında “Xəzər dənizinin yanında alov qüllələri” sərlövhəli məqalə dərc edilmişdir
Serbiyanın geniş oxucu kütləsinə malik “Lisa” jurnalında “Xəzər dənizinin yanında alov qüllələri” sərlövhəli məqalə dərc edilmişdir.
Yazıda Qafqazın ən böyük liman şəhəri olan Bakının göydələnlərindən, müasir tikililərindən, tarixi abidələrin möhtəşəmliyindən bəhs olunur. Bildirilir ki, ləziz mətbəx, müasirlik və qədimliyin vəhdəti, qonaqpərvərlik bu şəhəri cəlbedici bir məkana çevirir. Azərbaycan milli mətbəxinin ləziz nümunələri ilə tanış olan hər bir insan bu təamlardan böyük zövq alacaqdır.
Turistləri Azərbaycana səfər etməyə çağıran müəllif qeyd edir ki, zəngin tarixə malik olan Azərbaycan ilə Serbiya arasında yüksək səviyyəli əlaqələr mövcuddur.
Heydər Əliyev Mərkəzi haqqında məlumat verilən yazıda diqqətə çatdırılır ki, 2007-ci ildə bünövrəsi qoyulan tikilinin açılışı 2012-ci il mayın 10-da – ulu öndər Heydər Əliyevin doğum günündə olmuşdur. Mərkəz dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Özündə müasirliyi ehtiva edən bu nadir arxitektura nümunəsi dünya memarlığının şah əsərlərindən biri hesab olunur.
Məqalədə “Alov qüllələri” kompleksi regionun ən müasir tikilisi kimi qiymətləndirilir. Vurğulanır ki, bu cür müasir memarlıq nümunələri ilə zəngin olmasına baxmayaraq Bakı Azərbaycan xalqının qədim adət-ənənələrini də özündə ehtiva edir.
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan, Qız qalasından və Qobustan Dövlət Tarixi-Bədii Qoruğundan bəhs edən müəllif xalqımızın ən qədim mədəni dəyərlərindən olan xalçaçılıq sənətindən də söz açmışdır. Vurğulamışdır ki, xarici görünüşü bükülü xalçanı xatırladan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi bu sənətin əvəzolunmaz incilərini nümayiş etdirmək üçün mükəmməl bir məkandır.
Yazıda müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə Azərbaycanda qurulması, qadınlara səsvermə hüququnun verilməsi, ilk opera və baletin də ölkəmizdə yaranması ilə bağlı məqamlara toxunulur.
AzərTAc.az