Ombudsmanın nümayəndələri İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində olublar
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə (İHOSM) başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi saxlanılma şəraiti, rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması olub.
Müəssisədə əsaslı təmir işlərinin aparılması MPQ-nin üzvləri tərəfindən müsbət qiymətləndirilib.
Başçəkmə zamanı İHOSM-də saxlanılan şəxslərlə görüş keçirilib, onların saxlanılma şəraiti və qida ilə təmin olunması, göstərilən rəftar araşdırılıb, hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib. Saxlanılan şəxslər, o cümlədən Türkel Əlisoy, İlham Hüseyn, Bəhruz Həsənov, Ağaverdi Ruşanov və digərləri müəssisədəki saxlanılma şəraiti, rəftar və yeməklərin keyfiyyəti ilə bağlı şikayət etməyib, vəkilləri və ailə üzvləri ilə əlaqə saxladıqlarını, gündəlik qəzetləri aldıqlarını bildiriblər.
Habelə MPQ-nin üzvləri DİN-in məsul əməkdaşı və İHOSM-nin rəhbərliyi ilə birgə bu müəssisədəki saxlanılma şəraitinin, bununla əlaqədar müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparmış, bir sıra təkliflər səsləndirilib.
Ombudsman başçəkmələrin nəticəsi, İHOSM-də saxlanılma şəraitinin və müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə məktubla müraciət edəcək.
Apa.az