“Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib

Posted by

"Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu" mövzusunda konfrans keçirilib

“Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib

"Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu" mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi ərəfəsində “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə, təhsilə diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olmuşlar. Akademiyanın akt zalında davam etdirilən konfransda öncə Dövlət himni səsləndirilmişdir.

MTN-in əməkdaşlarının, ali təhsil ocağının professor-müəllim heyəti və tələbələrin, tanınmış politoloq və tarixşünasların iştirak etdikləri konfransı DİA-nın rektoru, akademik Urxan Ələkbərov açmışdır. Rektor milli təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin, dövlət strukturlarının, o cümlədən milli təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışmış, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, gündən-günə inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhddə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclərimiz harada olmasından asılı olmayaraq müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar. Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd edən rektor, qarşıdan gələn peşə bayramı münasibətilə MTN-in rəhbərliyini və əməkdaşlarını təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev çıxışında 95 il öncə yaradılan Azərbaycan milli təhlükəsizlik orqanlarının tarixindən bəhs etmişdir. Bildirmişdir ki, Azərbaycanın ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahı nəzdində Kəşfiyyat və Əks-Kəşfiyyat bölməsi kimi fəaliyyətə başlamışdır. Bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıldığını diqqətə çatdıran general-mayor E.Əliyev demişdir ki, beləliklə də həmin illərdə gələcək milli xüsusi xidmət orqanının peşəkar kadr potensialının formalaşması üçün başlıca zəmin hazırlanmışdır.

Ümummilli Lider Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət yeni dövrün çağırışlarına uyğun təhlükəsizlik sisteminin yaradılmasına imkan vermişdir. Bütün bunlar təhlükəsizlik orqanlarının ölkənin ümumi tərəqqisinin möhkəm təməllərinin qoyulmasında daha yaxından iştirakına şərait yaratmışdır.

Bu gün Azərbaycanın sivil, demokratik, hüquqi dövlət kimi inkişafı naminə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyevin Azərbaycanın inkişafı və qüdrətlənməsi siyasi kursunun uğur qazanması üçün əlverişli şəraitin yaradılmasında MTN əməkdaşları da yaxından iştirak edirlər. Terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və s. istiqamətlərdəki səmərəli fəaliyyət, möhtərəm Prezidentin rəhbərliyi, dövlət strukturlarının və hüquq mühafizə orqanlarının birgə səyləri ilə yaradılmış təhlükəsizlik mühiti və sabitlik Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

Ən ağrılı problemimiz olan Ermənistanın ölkəmizə hərbi təcavüzündən də danışan nazir müavini qeyd etmişdir ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində çalışmaq milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının ən başlıca vəzifəsi və Vətən qarşısında övladlıq borcudur.

General-mayor E.Əliyev demişdir: “Bu gün dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanın gələcəyinə hesablanmış çoxsaylı layihələr və ideyalar həyata keçirilir. Bunların böyük əksəriyyəti məhz gənclərlə bağlıdır. Çünki gənclik böyük yaradıcı qüvvə olmaqla, sabaha, inkişafa və tərəqqiyə istiqamətlənmişdir. Mən neft kapitalının insan kapitalına çevrilməsi ideyasını xüsusi qeyd etmək istərdim. Strateji əhəmiyyət daşıyan bu ideyanın əsasında yüksək intellektual səviyyəyə və mənəvi keyfiyyətlərə malik, fiziki cəhətdən sağlam gəncliyin yetişdirilməsi, mövcud potensialın ardıcıl surətdə inkişaf etdirilməsi dayanır. Bu sahədə bütün dövlət orqanlarının, xüsusilə təhsil müəssisələrinin üzərinə çox böyük vəzifələr düşür. Çünki hər şeydən əvvəl ölkənin gələcək intellektual inkişafında iştirak edəcək kadrların hazırlanması işi daim təkmilləşdirilməli, dünyanın aparıcı dövlətlərinin təcrübəsi öyrənilib tətbiq olunmalıdır”.

“Gənclər ölkəmizin gələcəyinin, o cümlədən milli təhlükəsizliyimizin perspektiv təminatçılarıdırlar. Bu, böyük məsuliyyətdir”, – deyən milli təhlükəsizlik nazirinin müavini qeyd etmişdir ki, gənc nəsil sabah milli maraqlarımızın bütün istiqamətlərdə etibarlı təmin olunmasında, milli təhlükəsizlik sahəsində qərarların qəbulunda iştirak edəcək. Milli təhlükəsizliyin təminatında iştirak etmək yalnız hər hansı dövlət strukturunda çalışaraq vəzifə tutmaq kimi başa düşülməməlidir. Milli təhlükəsizliyə töhfə ailədən və təhsil müəssisəsindən başlayır. Bu, vətəndaşlıq məsuliyyətinin dərk edilməsi, müntəzəm çalışmaq və hərtərəfli mütəxəssis kimi yetişməkdir.

Vurğulanmışdır ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, müxtəlif radikal meyllərlə üzləşmək təhlükəsi və s. təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə olunmuş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır. Gənclərimiz dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onların vətənpərvərliyindən, dövlətçiliyə və müstəqilliyə sədaqətindən asılı olduğunu bir an belə unutmamalıdırlar. Çünki Azərbaycanın inkişafına qısqanclıqla yanaşan qüvvələr də vardır. Bizim müstəqil siyasətimizi həzm edə bilməyən belə qüvvələr Azərbaycan ərazisində yeni separatçılıq ocaqları yaratmaq niyyətindən əl çəkmirlər. Onlar gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Ancaq gənclərimizin mütləq əksəriyyəti belə yad təsirlərdən uzaq dururlar. Onlar ölkəmizin tərəqqisi, öz gələcəkləri naminə yürüdülən siyasətə dəstək verirlər. Əminəm ki, gənclərimiz Ulu Öndərin zəngin irsini dərindən öyrənməklə onun xalqımızın işıqlı gələcəyinə ünvanlanmış ideallarına sadiq qalacaq, milli maraqların və təhlükəsizliyimizin təminatçısı kimi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Sonra akademiyanın tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova, tarix kafedrasının professoru, tarix elmləri doktoru Musa Quluzadə, Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və ADİ-nin İnzibati-idarəetmə fakültəsinin tələbəsi Toğrul Niyazlı çıxış etmişlər. Çıxışlarda milli təhlükəsizlik orqanlarının yaranması və fəaliyyəti tarixi aspektdən təhlil edilmiş, müasir dövrdə milli təhlükəsizliyin təminatında gənclərin rolundan danışılmışdır. Bildirilmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirilir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə və uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilmişdir.

Milli təhlükəsizlik orqanlarının Azərbaycan dövlətçiliyinin qorunmasına layiqli töhfələr verdiyini vurğulayan natiqlər ölkəmizin maraqlarının və mənafelərinin, milli təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın qorunmasında gənclərin də daim ön sırada olmalarının vacibliyini bildirmişlər.

Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının 95 illik tarixi yolundan, ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından bəhs edən “Xüsusi funksiya” sənədli film nümayiş olunmuşdur.

 

Trend.az