İcra Hakimiyyəti: Ticarət mərkəzlərinə köçürülən sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq
“Bakı Bu Şəhər İcra Hakimiyyətinin bütün strukturları metro keçidlərində ticarət obyektlərinin söküntüsü işinə cəlb olunub”.
Bu barədə APA-ya açıqlamasında, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov bildirib: “Həmin obyektlərin sökülməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamı var. Bu işə Bakı şəhəri İcra Hakimiyyətinin bütün icra strukturları cəlb olunub”.
Onun sözlərinə görə, həmin sərəncama əsasən, martın 28-nə kimi Metropoliten stansiyalarının girişləri və çıxışlarında olan bütün obyektlər söküləcək: “Hacıbala Abutalıbovun Bakı Metropolitenində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə görüşündə əldə olunan razılıq ondan ibarətdir ki, həmin sahibkarların işlə təmin olunması və digər ticarət obyektlərinə köçürülməsi dövlət səviyyəsində həll olunacaq. Həmin sahibkarlara “Amay”, “Yeni Günəşli”də ticarət mərkəzlərində, “Keçlə bazarı”, “Yaşıl bazar”, “Şərq bazarı”nda yer ayrılıb. Oraya köçürülən sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Bu rüsumlar həmin ticarət mərkəzlərinin rəhbərliyi tərəfindən ödəniləcək”.
Qeyd edək ki, metronun “Nəriman Nərimanov” stansiyasında 185, “Neftçilər” stansiyasında 186, “Koroğlu” stansiyasında 109, “Qara Qarayev” stansiyasında 94, “Əhmədli” stansiyasında 93, “Xalqlar Dostluğu” stansiyasında 96, “İnşaatçılar” stansiyasında isə 88 ticarət obyekti söküləcək.
Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev də APA-ya açıqlamasında söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu təsdiqləyib.
R. Hacıyev onu da bildirib ki, hazırda metronun “28 May” stansiyasında yeraltı keçidində heç bir ticarət obyekti fəaliyyət göstərmir: “Əvvəllər “28 May” stansiyasında ticarət obyektləri olub, lakin metronun təmirindən sonra yığışdırılıb. Ona görə də orada söküləcək obyekt yoxdur”.
R. Hacıyev qeyd edib ki, Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki ticarət obyektlərin sökülməsi isə nəzərdə tutulmur: “Çünki onların metro ilə əlaqəsi yoxdur”.
Apa.az