Ali Rada Krım parlamentinin səlahiyyətlərini vaxtından əvvəl dayandırır
Ukrayna Ali Radası Krım Muxtar Respublikasının Ali Şurasının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında qərar layihəsini qeydiyyata alıb. Trend-in məlumata görə, bu barədə “İnterfaks” xəbər yayıb.
Qərar layihəsi şənbə günü qeydiyyata alınıb, onun müəllifi Ali Radanın sədri, dövlət başçısı səlahiyyətlərinin icraçısı Aleksandr Turçinovdur.
İzahedici qeyddə bildirilir ki, Ukraynanın Konstitusiya Məhkəməsi 15 mart 2014-cü il tarixli qərarında belə nəticəyə gəlib ki, Krım Muxtar Respublikasında yerli referendumun keçirilməsi haqqında Krımın Ali Şurasının qətnaməsi ölkə Konstitusiyasına cavab vermir.
Sənəddə deyilir: “Krım Muxtar Respublikasının Ali Şurasının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması Konstitusiya qaydalarına riayət edilməsini təmin edəcək, Muxtar Respublika ərazisində siyasi vəziyyətin sabitləşməsinə kömək edəcək”.
Xatırladaq ki, Krım parlamenti martın 6-da Rusiyaya birləşmək haqqında qərar qəbul edib. Həmçinin deputatlar yarımadanın statusunun müəyyən edilməsi üzrə referendumun martın 16-na təyin edilməsinə səs veriblər.
Trend.az