Milli Məclis hökumətin 2013-cü ilin yekunları üzrə hesabatını qəbul edib
Milli Məclis bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2013-cü ilin yekunları üzrə hesabatını qəbul edib.
Trend-in məlumatına görə, Baş nazir Artur Rasizadə parlamentdə hesabatı təqdim edərkən deyib ki, ötən il də ölkənin dinamik sosial-iqtisadi inkişafı davam edib: “İqtisadi inkişafın əsas məqsədi əhalinin sosial rifahının artırılmasıdır. Bu məqsədə çatmaq üçün ötən il makroiqtisadi sabitliyin saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, regionların davamlı inkişafı təmin edilib”.
A.Rasizadə qeyd edib ki, hesabat dövründə ölkə ÜDM-in real artımı 5,8 faiz təşkil edib, qeyri-neft sektoru 10 faiz artıb: “Ötən il bütün mənbələrdən ölkə iqtisadiyyatına 22 milyard manat qoyulub. Bütün investisiyaların 74,3 faizi qeyri-neft sektorunun hesabına təmin olunub. İllik inflyasiya 2,4 faiz olub”.
Trend.az