Zakir Həsənov: Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır
“NATO ordularında mülki şəxslərdən geniş istifadə olunur. Bizim məqsədimiz ordumuzu digər müasir ordulara uyğunlaşdırmaqdır. Digər tərəfdən, çalışırıq ki, əsgərlərimizi xidmətlə bağlı olmayan digər işlərdən azad edək. Bu, çox mühüm məsələdir, cənab Prezident, Ali Baş Komandanının tapşıırğıdır”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Z.Həsənov bildirib ki, bütün bunlar həyata keçiriləndən sonra ilk növbədə orduda nizam-intizam gücləndiriləcək: “İkinci növbədə isə əsgərlərimiz döyüş hazırlığı ilə məşğul olmaq üçün daha çox vaxt əldə edəcəklər”.
Nazirin sözlərinə görə, ordu quruculuğu elə bir məsələdir ki, islahatlar daim həyata keçirilir: “Gündən-günə yeni müasir silahlar, avadanlıqlar alınır”.
Z.Həsənov qeyd edib ki, bunların hamısının zabit və əsgərlər tərəfindən istifadə olunması üçün təbii ki, müxtəlif tədbirlər həyata keçirmək lazımdır: “Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident ordu quruculuğu ilə bağlı xüsusi tapşırıqlar verib. Bu tapşırıqlar yerinə yetirilib və davam etdiriləcək”.
Trend.az