Moskvada “Azərbaycanın etnomədəni müxtəlifliyi” kitabının təqdimatı olub
Martın 12-də Moskvada, Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində fəlsəfə elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, Ariyel Universitetinin (İsrail) elmi məsləhətçisi German Zaxaryayevin “Azərbaycanın etnomədəni müxtəlifliyi” kitabının təqdimatı olmuşdur. Kitab “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsi çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi münasibətilə nəşr olunmuşdur.
Trend AzərTAc-a istinadən məlumat verir ki, “Dostoinstvo” nəşriyyatında işıq üzü görən kitab REA-nın Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən hazırlanmışdır. Kitabın təqdimatını Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılar Konqresi, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyası və Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu (STMEQİ) təşkil etmişlər.
Monoqrafiya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik” sözləri ilə açılır.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin ictimai əlaqələr və KİV-lər şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova bildirmişdir ki, German Zaxaryayevin “Azərbaycanın etnomədəni müxtəlifliyi” kitabının təqdimatı böyük və uğurlu “Rusiya-Azərbaycan: tarixi dialoq” layihəsi çərçivəsində ilk qaranquşdur. O demişdir: “Zənnimcə, biz belə təqdimatlarda tez-tez iştirak edəcəyik və nəşrlər hamıya maraqlı olacaqdır”. O, qonaqpərvərliyə görə Şərq Ədəbiyyatı Mərkəzinin direktoru Marina Melaninaya və mərkəzin kollektivinə minnətdarlığını bildirmişdir.
Təqdimat mərasiminin aparıcıları – AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə və REA-nın Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, professor Aleksandr Çumakov monoqrafiyadan ətraflı söz açaraq bildirmişlər ki, burada multimədəni Azərbaycanda sabitləşmədən modernləşməyə keçid şəraitində etnomədəni proseslərin əsas amilləri və meylləri tədqiq olunur.
İlham Məmmədzadə vurğulamışdır ki, modernləşməyə istiqamət götürən Azərbaycan son illər dinamik inkişaf edir. Lakin dəyişikliklər əsas dəyərlərə, o cümlədən etnik müxtəlifliyə toxunmamalıdır. İ.Məmmədov demişdir: “Azərbaycanda ənənəvi olaraq Beynəlxalq Humanitar Forum keçirilir. Onun çərçivəsində “Multikulturalizm və bənzərsizlik” seksiyası fəaliyyət göstərir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsüdür. Azərbaycanda başa düşürlər ki, müasirlik qonşular arasında, ölkələr arasında və eyni zamanda özünlə keçmişin arasında körpü salmaq bacarığıdır”.
Aleksandr Çumakov qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsirinin möhkəmlənməsində Moskvada təşkil edilən “Heydər Əliyev elmi qiraətlərinin” rolunu vurğulayaraq demişdir: “Azərbaycanda əhalinin bütün təbəqələrinin – istər elita, istərsə də kütləvi şüur səviyyəsində sivil inkişafının yüksək səviyyəsi mənim çox xoşuma gəlir. Ölkədə din sahəsində çox incə və düzgün siyasət yeridilir, həm dünyəvilik, həm də din öz layiqli yerini tutur”.
Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanın həyatının bütün sahələrində baş verən qlobal dəyişikliklərdən, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Pravoslav Dini Mərkəzinin açılmasından, rus dilinin intensiv öyrənilməsi üzrə layihənin mövcudluğundan söz açaraq demişdir: “Başqa dinə sitayiş edən, başqa millətdən olan insana səmimi münasibət Azərbaycan xalqının təbiətindədir”. O, Azərbaycanın Rus İcmasının 15 illiyinə həsr olunmuş “Ruslar Azərbaycan tarixində” kitabını təqdim etmişdir.
2006-2009-cu illərdə Rusiyanın Azərbaycanda səfiri işləmiş Vasili İstratovun sözlərinə görə, multikulturalizm lap əvvəldən Azərbaycan xalqına xas olan xüsusiyyətdir. O demişdir: “Azərbaycanın təkcə multimədəni deyil, həm də çöxmillətli ölkə olduğunu görmək üçün Qubaya, Lənkərana getmək, ölkəni gəzib-dolaşmaq kifayətdir. Azərbaycanlılar minilliklər ərzində mövcud olan milli ənənələrin davamçılarıdırlar”.
REA-nın Etnologiya və Antropologiya İnstitutunun aparıcı elmi əməkdaşı Yuri Ançabadze vurğulamışdır ki, bugünkü görüş ölkələr arasında sarsılmaz kimi görünən əlaqələrin dağıldığı günlərdə keçirilir. Y.Ançabadzenin fikrincə, “Rusiya-Azərbaycan: tarixi dialoq” layihəsinin və “Azərbaycanın etnomədəni müxtəlifliyi” kitabının təqdimatı bu baxımdan çox böyük və müsbət məna daşıyır.
German Zaxaryayev çıxışında bildirmişdir ki, Azərbaycanın çoxmillətli xalqı son 20 ildə sovet ictimai formasiyasından müasir dövrə qədər kəşməkəşli yol keçmişdir. O demişdir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində ölkədə təkcə siyasi, iqtisadi və təhsil sahələrinin deyil, həm də müxtəlif mədəniyyət və din nümayəndələrinə qarşı tolerantlıq ruhunun möhkəmlənməsinin möhkəm təməli qoyulmuşdur”.
Qeyd edək ki, G.Zaxaryayevin monoqrafiyasında sabitləşmədən modernləşməyə keçid şəraitində Azərbaycanın multimədəni dünyasında etnomədəni proseslərin əsas amil və meylləri tədqiq olunur. Milli azlıqların azad inkişafına konstitusiya-hüquqi zəmanətlərin verilməsinə xüsusi diqqət yetirilir. Milli və konfessional azlıqların hüquqlarının təmin olunması müasir Azərbaycan üçün münaqişələrin və gərginliyin, milli və dini radikalizmin qabaqlanmasının, habelə dövlətdə siyasi sabitliyin saxlanılmasına zəmanət verilməsinin effektiv vasitəsidir.
Nəfis illüstrasiya olunmuş kitab Azərbaycan Respublikasının Konstitusiyası, milli və ya etnik, din və dil mənsubiyyətinə görə azlıqların nümayəndələrinin hüquqları barədə BMT Bəyannaməsi kimi beynəlxalq sənədlər, UNESCO-nun mədəni müxtəliflik barədə Ümumi Bəyannaməsi və s. ilə tamamlanmışdır. “Azərbaycanın etnomədəni müxtəlifliyi” MDB ölkələrinin postsovet inkişafının öyrənilməsində mövcud olan boşluqları doldurur. Monoqrafiya Rusiya elmində bu mövzuya dair ilk kompleks araşdırmadır.
Trend.az