Azərbaycanda bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə tətbiq ediləcək yenilik açıqlanıb
Təhsil Nazirliyi Azərbaycanda bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə tətbiq ediləcək yeniliyi açıqlayıb.
APA-nın xəbərinə görə, nazirliyin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, bu il müəllimlərin qəbulu üzrə tətbiq olunacaq yeniliyə əsasən, iyun ayında müsabiqəyə başlamadan öncə yalnız yerdəyişmə üçün vakansiyalar elan ediləcək.
Onun sözlərinə görə, yerini dəyişmək istəyən bütün müəllimlərə şərait yaradılacaq, onlar elektron seçim edərək Təhsil Nazirliyinə göndərəcək.
F.Qədirov qeyd edib ki, nazirlik tərəfindən yerləşdirmə aparılacaq və həmin müəllimlər iş yerlərini dəyişəcəklər: “Yerdəyişmə edəcək müəllimlər yenidən imtahan verməyəcək. Onlar artıq orta məktəblərdə müəllimdir və bir daha imtahan vermələrinə ehtiyac yoxdur. Onlar elektron müraciət əsasında yerlərini dəyişəcəklər. Ola bilər ki, bir yerə yerini dəyişmək üçün bir neçə müəllim müraciət etsin. Bu zaman konkret meyarlar üzrə qiymətləndirmə aparılacaq və onun nəticəsinə əsasən müəllimin yerdəyişməsi həyata keçiriləcək. Bu meyarlar onların elektron ərizələrində göstəriləcək, onlara təhsil səviyyəsi, sertifikatları, yaşayış yerinə daha yaxınlığı və digərləri daxildir”.
Apa.az