Vəkillər Kollegiyası avropalı həmkarları ilə əməkdaşlığa başlayıb

Posted by

Vəkillər Kollegiyası avropalı həmkarları ilə əməkdaşlığa başlayıb

Vəkillər Kollegiyası avropalı həmkarları ilə əməkdaşlığa başlayıb

Vəkillər Kollegiyası avropalı həmkarları ilə əməkdaşlığa başlayıb

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyinin (CCBE – the Council of Bars and Law Societies of Europe) iclasında iştirak edib.

Vəkillər Kollegiyasından Trend-ə verilən məlumata görə, 32 üzv ölkəni və təxminən 1 milyon hüquqşünası özündə cəmləşdirən təşkilatın iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilk dəfədir ki təmsil olunub.

Səfərlə bağlı təəsüratlarını bölüşən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü A.Bağırov bu səfərin səmərəli keçdiyini bildirib. “Azərbaycanda vəkillik” adlı prezentasiyanı təqdim edən A.Bağırov həmin slayd-şounun tədbirin bütün qonaqları tərəfindən maraqla qarşılandığını sözlərinə əlavə edib. Prezentasiyada Azərbaycanda olan vəkilliklə bağlı ümumi məlumatlar, statistik göstəricilər, dövlət hesabına hüquqi yardım haqqında məlumatlar, vəkillərin seçilməsi prosesi, onların etik davranış qaydaları və s. haqqında məlumatlar öz əksini tapıb. Eyni zamanda, onun Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları barədə verdiyi məlumatlar iclas iştirakçılarının böyük marağına səbəb olub.

A.Bağırov bildirib: “Ümumilikdə, bu səfərin Vəkillər Kollegiyası üçün səmərəli olacağına inanıram. Bu əlaqələr, Avropa ölkələrinin vəkillik sahəsindəki təcrübələrindən yararlanmaq, avropalı hüquqşünaslarla qarşılıqlı təcrübə mübadiləsi aparmaq kimi imkanlar yaradır. Mən həmçinin, CCBE-nin Daimi Komitəsinin iclasında iştirak etdim. Orada İnformasiya Texnologiyaları hüququ, Avropa Xüsusi Hüququ, çirkli pulların yuyulması və s. mövzularda müzakirələr oldu. Beynəlxalq quruma üzv olan müxtəlif ölkələrin kollegiyalarının nümayəndələri ilə görüşmək imkanı əldə etdik. Qeyd edim ki, CCBE-nin Daimi Komitəsinin əsas funksiyası Mərkəzi və Şərqi Avropada vəkillik peşəsini daha da inkişaf etdirməkdir. Düşünürəm ki, belə bir nüfuzlu təşkilatla əlaqələr Azərbaycanda da vəkillik peşəsinin inkişafına müsbət töhfə verəcəkdir.”

Xatırladaq ki, bu quruma Avropa ölkələrindən yalnız Azərbaycan və Belarus üzv deyillər.

 

Trend.az