Bakıda icbari tibbi müayinədən keçirilən 16 572 nəfərin xəstə olduğu aşkarlanıb
Bakı şəhərinin sakinlərinin icbari tibbi müayinəsi nəticəsində əldə olunan ilkin vəziyyət və rəqəmlər açıqlanıb.
Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, fevralın 17-dən bu vaxta 194849 nəfər müayinədən keçib. Onun sözlərinə görə, bu müayinələr nəticəsində 16 572 nəfərin xəstə olduğu aşkarlanıb. Xəstələrin bir qisminin ambulator müalicə aldıqdan sonra evə buraxıldığını deyən R.Nağıyev qeyd edib ki, müəyyən xəstəliklər aşkar olunmuş 4382 nəfər dispanser nəzarətə, qeydiyyata götürülüb. Onlardan 663 nəfər hospitallaşdırılıb və xəstəlikləri ilə əlaqədar müvafiq xəstəxanalara göndərilib: “Xəstəliklər arasında qan-damar sistemi, həzm-mədə bağırsaq, tənəffüs sistemi, göz xəstəlikləri üstünlük təşkil edir. Bu müddət ərzində müayinəyə cəlb olunanlardan 61399 nəfəri kişilər, 133450 nəfər isə qadınlardır. Qadınlar daha çox tibbi müayinələrə cəlb olunurlar və onlar öz sağlamlıqlarını qorumağa daha çox meyllidirlər”.
Qeyd edək ki, əhalinin icbari dispanserizasiyası ilkin olaraq 17 fevral – 1 may tarixlərini əhatə edir. Sonra bu iş bütün il boyu davam etdiriləcək. Müayinələr zamanı əhalinin müalicəsi ambulator və stasionar şəkildə təşkil olunacaq.
Apa.az