Elxan Süleymanov AŞPA-nın Monitorinq Komitəsinin iclasında Naxçıvanın blokadası və Sərsəng su anbarı məsələlərini qaldırıb

Posted by

Elxan Süleymanov AŞPA-nın Monitorinq Komitəsinin iclasında Naxçıvanın blokadası və Sərsəng su anbarı məsələlərini qaldırıb

Elxan Süleymanov AŞPA-nın Monitorinq Komitəsinin iclasında Naxçıvanın blokadası və Sərsəng su anbarı məsələlərini qaldırıb

Elxan Süleymanov AŞPA-nın Monitorinq Komitəsinin iclasında Naxçıvanın blokadası və Sərsəng su anbarı məsələlərini qaldırıb

Fevralın 27-28-də Maltada AŞPA Monitorinq Komitəsinin iclası keçirilib.

 

APA-nın xəbərinə görə, iclasda Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar faciəsi, bununla əlaqədar regiondakı iqtisadi, ekoloji, bioloji fəsadlarla bağlı çıxış edib.

 

Millət vəkili bildirib ki, Naxçıvan MR İranla sərhəddə yerləşən, 410 min azərbaycanlının yaşadığı və təxminən 25 ildir Ermənistan tərəfindən blokadada olan Azərbaycan ərazisidir: “Blokada nəticəsində hüquqları pozulmuş Naxçıvan əhalisi böyük əziyyətlərə düçar olub, regionda iqtisadi və sosial durum ağır olaraq qalır. Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal etdikdən sonra Naxçıvanı da öz ərazilərinə qatacaqları ilə hədələyir. Naxçıvan sakinlərinin bu davamlı təhdidlə üz-üzə qaldıqlarını nəzərə alsaq, belə təhlükəli ərazidə gündəlik həyatın yüksək təzyiq altında olduğunu görərik”.

 

E.Süleymanov qeyd edib ki, 25 il ərzində heç bir beynəlxalq qurumda, o cümlədən AŞPA-da Naxçıvanın blokadası barədə hər hansı bir dinləmə, müzakirə aparılmayıb, sənəd qəbul edilməyib: “Gəlin əvvəlcə bu ölüm saçan blokadanı aradan qaldıraq. Bunu isə heç kim eşitmək istəmir. Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafını sürətləndirmək istəyirsə, ilk növbədə işğala son qoyulması üçün son sözünü deməlidir”.

 

Millət vəkili Sərsəng humanitar faciəsi ilə bağlı məlumat verərək bildirib ki, 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş, 125 metr hündürlükdə bəndə və 560 mln. kubmetr su tutumuna malik Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və 20 ildən artıq müddətdir ki, heç bir texniki xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətindədir: “Bu, Azərbaycanın Aşağı Qarabağda yerləşən 6 rayonunda yaşayan 450 min nəfər əhali üçün ciddi təhlükə mənbəyi olmaqla yanaşı, regionda iqtisadi, ekoloji, bioloji fəsadlara səbəb olub. Hazırda region əhalisi ciddi humanitar faciə ilə üz-üzədir”.

 

E.Süleymanov beynəlxalq ictimaiyyətin diqqətini bu humanitar faciənin aradan qaldırılmasının vacibliyinə yönəltməyə çağırıb: “Bu gün Azərbaycanın işğal altında olan ərazilərindən qovulmuş 1 milyona yaxın qaçqınla yanaşı, Naxçıvanın 410 min əhalisi, eləcə də Sərsəng humanitar faciəsi təhlükəsi altında olan 450 min nəfər, ümumilikdə 1 mln. 850 min azərbaycanlı işğal və blokadanın girovuna çevrilib”.

 

Sonda E.Süleymanov Ukrayna hadisələrindən dərs götürməyə, beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının işğala göz yummayaraq Azərbaycan torpaqlarının işğalı və blokadası ilə əlaqədar qəti qərarlar qəbul etməli olduğuna çağırış edib. Avropa ölkələrindən olan bir neçə deputat Elxan Süleymanovun qaldırdığı məsələləri dəstəkləyərək, onunla həmrəy olduqlarını bildiriblər.

 

Monitorinq Komitəsində qərara alınıb ki, hər iki ölkə – Azərbaycan və Ermənistan üzrə həmməruzəçilər Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar vəziyyəti ilə bağlı araşdırmalar apararaq bu məsələləri öz məruzələrinə daxil etsinlər, Avropa Şurası isə qaldırılan məsələləri daima öz nəzarətində saxlasın.

 

Sonda Monitorinq Komitəsinin sədri Stefan Schennach Avropa Şurasında Naxçıvanın blokadası ilə bağlı dinləmələrin keçirilməsinin vacibliyini vurğulayıb.

 

Apa.az