Xocalı soyqırımının şahidi olan ukraynalı pilot: “İnsanlığa qarşı törədilmiş belə amansız cinayət görməmişəm”
Leonid Kravets: “Çingiz Mustafayev Xocalıda çəkiliş edən zaman ermənilər bizi atəşə tutmağa başladılar”
“İnsanlığa qarşı törədilmiş belə amansız cinayət görməmişəm”. Bunu APA-nın Moskva müxbirinə müsahibəsində 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törədilən soyqırımı aktının şahidi, ukraynalı pilot Leonid Kravets deyib.
1992-ci ilin 26 fevral gününü indiyə kimi xatırladığını söyləyən ukraynalı pilot bildirib ki, dinc sakinlərin vəhşicəsinə kütləvi şəkildə qətlə yetirilməsi dəhşətli bir hadisədir: “Qadınları, körpə uşaqları vəhşicəsinə öldürmüşdülər. Mən həmin ərazini iki dəfə görmüşdüm. Birinci dəfə ordan uçanda həmin ərazidə heç bir cəsəd yox idi. Biz ekipajla axşam həmin ərazidən uçmuşduq. Axı, hadisə gecə olmuşdu. Hadisənin səhəri günü isə həmin ərazidən uçanda yerdə çoxlu sayda cəsədlərin olduğunu gördüm. Vertolyot yerdən 10 metr məsafədə havada idi. Heç nə başa düşə bilmirdim. Axı bir neçə saat əvvəl burdan uçmuşduq və burda heç bir cəsəd yox idi. Biz dərhal komandanlığa məruzə etdik. Bakıya bu barədə məlumat verildikdən sonra biz, Çingiz Mustafayev və digərləri ilə birlikdə vertolyotla həmin əraziyə qayıtdıq. Çox dəhşətli bir mənzərə idi. Vertolyot yerə endi. Yerdə uşaq cəsədləri… Biz dünən burdan keçəndə həmin insanlar həyatda idilər. İndi isə cansız şəkildə yerdə uzanmışdılar. Əlbəttə ki, biz şok içində idik. Səhəri gün bu kadrları televiziya kanallarında göstərdilər. Müharibə zamanı əsgərlərin ölümü təbiidir. Lakin dinc insanların belə vəhşicəsinə öldürülməsi alçaq bir addım idi”.
L.Kravets Xocalıda qətlə yetirilənlərin cəsədlərini vertolyotla daşımadığını söyləyib: “Biz cəsədləri daşımadıq. Orada bir mili əməkdaşı öz oğlunun cəsədini tapmışdı. Lakin cəsədləri bizə daşımağa qoymadılar. Ona görə ki, həmin ərazini erməni tərəfi qoruyurdu. Bizim isə 4-5 dəqiqə vaxtımız vardı ki, çəkiliş edək. Çingiz Mustafayev çəkiliş elədi. Bu zaman ermənilər bizi atəşə tutmağa başladılar. Çünki onlar bilirdilər ki, hansı əməli törədiblər və istəmirdilər ki, bu barədə dünya ictimaiyyəti xəbər tutsun”.
Ukraynalı pilot hadisədən sonra erməni hərbçiləri ilə əlaqədə olmadığını söyləyib: “Xocalı hadisəsindən iki ay sonra Xankəndidən qoşunları çıxardıq. O zaman Rusiya ordusu rəsmi olaraq burda iştirak etmirdi. Qeyri-rəsmi olaraq isə biz hər gün bura uçurduq və humanitar missiyanı həyata keçirirdik. Qarabağdan – müharibə zonasından həm azərbaycanlıları, həm də erməniləri təxliyə edirdik. Camaatı Ağdam və Gəncəyə daşıyırdıq. Bizim komanda çox yaxşı işləyirdi. Bacardıqca çalışırdıq ki, hamını təxliyə edək. Açığı, mən elə düşünürdüm ki, həmin ərazidə heç kəs qalmayıb, hamı təxliyə olunub. Lakin Xocalıda qalanları heç kəs təxliyə edə bilmədi. Onları orda qırdılar”.
L.Kravets Azərbaycan tərəfinin tez-tez onlara insanların təxliyə olunması ilə bağlı müraciət etdiyini söyləyib: “Biz dinc sakinləri o vaxt daşıyırdıq ki, kənddə hamı sabah həmin kəndə hücum olacağını bilirdi. Kəndlərin əhalisi bilirdi ki, bir gün onları məhv edə bilərlər. 1992-ci ilin martında Xankəndindən rus qoşunları tamamilə çıxarıldı və bundan sonra bizim həmin əraziyə uçuşumuza rəsmən qadağa qoyuldu. Artıq bizim azərbaycanlıları təxliyə üçün ora uçmağımız qanunsuz sayılırdı. Ermənilər bizi Azərbaycan tərəfinə işləməkdə günahlandırırdılar”.
Apa.az