Prezident İlham Əliyev və xanımı Xocalı faciəsi qurbanlarının xatirəsinin anım mərasimində iştirak ediblər
İyirmi iki il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak edib.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.
Trend.az