Ərdoğan: Xocalıda baş verənlər 20-ci əsrin ən böyük faciəsidir
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Hakim Ədalət və İnkişaf Partiyasının növbəti iclası zamanı Xocalıda baş verənlərin 20-ci əsrin ən böyük faciəsi olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “TRT Haber” telekanalı xəbər verib.
Ərdoğan deyib: “Xocalıda qətlə yetirilən insanlar Azərbaycan üçün əziz olduqları kimi, Türkiyə üçün də əzizdirlər”.
Onun sözlərinə görə, Türkiyə hər zaman Azərbaycanın haqq işində onu dəstəkləyib.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Trend.az