Bakıda “Xocalıya ədalət!” kampaniyasının 5 illik fəaliyyətinin yekunları ilə bağlı tədbir keçirilib

Posted by

Bakıda "Xocalıya ədalət!" kampaniyasının 5 illik fəaliyyətinin yekunları ilə bağlı tədbir keçirilib

Bakıda “Xocalıya ədalət!” kampaniyasının 5 illik fəaliyyətinin yekunları ilə bağlı tədbir keçirilib

Bakıda "Xocalıya ədalət!" kampaniyasının 5 illik fəaliyyətinin yekunları ilə bağlı tədbir keçirilib

Bakıda “Xocalıya ədalət!” təbliğat və məlumatlandırma kampaniyasının 5 illik fəaliyyətinin yekunları və gələcək planları ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Xocalıya ədalət!” təbliğat və məlumatlandırma kampaniyasının koordinatorlarından biri Nicat Məmmədli beynəlxalq qurumlar, eləcə də ayrı-ayrı dövlətlər tərəfindən Xocalı soyqırımna siyasi-hüquqi qiymət verilməsi sahəsində əldə olunmuş nailiyyətlərdən bəhs edib.

İslam Əməkdaşlıq Təşkilatı və ona bağlı qurumların qəbul etdiyi sənəndlərin əsas müddəalarına toxunan Nicat Məmmədli qeyd edib ki, faciəyə “kütləvi qırğın” və “insanlığa qarşı cinayət” kimi qiymət verilməsi gələcəkdə bu cinayəti törədənləri hüquqi məsuliyyətə cəlb edilməsinə imkan yaradacaq. O, həmçinin bir sıra ölkələrdə Xocalı faciəsinin artıq soyqırım kimi tanındığını bildirib.

Kampaniyanın digər koordinatoru Sevinc İskəndərova isə son 5 ildə Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə aid elektron təqdimatla çıxış edib. O, çıxışında kampaniyanın 40-a yaxın ölkədə milli koordinatorluğunun yaradıldığını, İslam Əməkdaşlıq Təşkilatı zirvə toplantısı və ona aid qurumlar çərçivəsində faciə ilə bağlı indiyə qədər 10-a yaxın qətnamənin qəbul edildiyini, məşhur amerikalı reper Toni Blekmenin ifasında “Xocalıya ədalət” videoklipinin hazırlanıb yayımlandığını, avropalı rejissorların iştirakl ilə “Sonu olmayan dəniz” sənədli filminin çəkildiyini, Qarabağ həqiqətləri ilə bağlı Rusiya ictimaiyyəti üçün iki kitabın nəşr olunduğunu, bütövlükdə 5 il ərzində 200-ə yaxın müxtəlif xarakterli tədbirin həyata keçirildiyini bildirib.

“Xocalıya ədalət!” kampaniyasının hüquq məsləhətçisi Vüsal Qurbanov yaxın illər ərzində görüləcək işlər barəsində danışaraq dünyanın aparıcı ölkələrində faciə ilə bağlı elektron sərgilərin keçirilməsi, Azərbaycan Prezindenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə xarici ekspertlərin iştirakı ilə tədqiqatların aparılması üçün təqaüdlərin təsis olunacağından bəhs edib.

Tədbirin sonunda kampaniya ilə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “İrəli” İctimai Birliyi arasında kampaniyanın effektivliyini və bundan sonra daha geniş miqyasda fəaliyyətini təmin edən Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il 8 may tarixində, Şuşanın işğalının ildönümü günü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.

 

Trend.az