Azərbaycan Hərbi Prokurorluğunda Xocalı soyqrımı ilə bağlı 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib
Azərbaycan Hərbi Prokurorluğunda Xocalı soyqrımının törədilməsində 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Baş Prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunların arasında yalnız ermənilər deyil, eyni zamanda keçmiş Sovet İttifaqının 366-cı alayının komandir və zabit heyəti də var.
X.Vəliyev əlavə edib ki, 1988-ci ildən bəri Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən soyqırımlar, cinayətlər və deportasiyalarla bağlı Prokurorluqda 3 istiqamətdə istintaq aparılır.
Onun sözlərinə görə, birinci istiqamət Xocalı, Meşəli, Qaradağlı və s. yaşayış məntəqələrində Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər, ikinci istiqamət ermənilər tərəfindən nəqliyyat vasitələrində, metrolarda və müxtəlif yerlərdə törədilən cinayətlər, üçüncü istiqamət isə əsir və girov götürülmüş insanlara qarşı törədilən cinayətlərdir.
X.Vəliyev bildirib ki, indiyə qədər 2089 nəfərin bu cinayəti törətməsi müəyyən edilib.
Trend.az