Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilib

Posted by

Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “92-ci ilin qarı” adlı tədbir keçirib.

 

APA-nın verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə səfirliklərin nümayəndələri, deputatlar, yerli icra hakimiyyətlərinin əməkdaşları, QHT təmsilçiləri iştirak ediblər.

 

Tədbir Xocalı faciəsi qurbanları və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilməklə başlanıb. Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman deyib ki, Xocalı faciəsi vəhşiliyin görünməyən bir təzahürüdür.

 

Bakı Şəhər İcra Hakimiyyəti Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayıl deyib ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir. Onun sözlərinə görə, 1905-1906-cı illərdə Azərbaycanın müxtəlif bölgələrində baş vermiş erməni qətliamları nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib: “12 il sonra – 1918-ci ilin martında Bakı, Quba və Azərbaycanın müxtəlif bölgələrində yenə minlərlə azərbaycanlı soyqırımın qurbanı olub. Sovetlər dönəmində yüz minlərlə azərbaycanlı tarixi torpaqlarından deportasiya edilib. 1988-ci ildə isə azərbaycanlılara qarşı növbəti etnik təmizləmə və soyqırımı həyata keçirilib. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. 1991-ci ildə Xocalıya şəhər statusu verilmişdi. Xocalı Xankəndi və Əsgəran arasında strateji mövqedə yerləşirdi, Qarabağda yeganə aeroport da məhz Xocalıda idi. İşğal ərəfəsində Xocalıda 7 500 nəfər yaşayırdı”.

 

Xocalının qədim insan məskəni olduğunu bildirən V.İsmayıl qədim Xocalı qəbiristanlığının da texnika vasitəsilə dağıdıldığını nəzərə çatdırılıb: “Xocalıya qədər Kosalar, Malıbəyli və digər yaşayış məskənlərində soyqırımı həyata keçirilib. Xocalıya hücum 366-cı alayın dəstəyi ilə hücum təşkil edilib. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Həmin vaxt mühasirədə olan Xocalıdan əhalinin bir hissəsi vertolyotlar vasitəsilə çıxarılmışdı, şəhərdə 2500 nəfər qalmışdı. 2500 nəfərdən 613 nəfəri amansızlıqla qətlə yetirildi”.

 

V.İsmayıl Xocalı soyqırımının törədilməsində iştirak edənlərin hələ də beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılmamasına diqqət çəkib: “Hazırkı Ermənistan prezidenti Serj Sərkistan, öncəki prezident Robert Köçəryan, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Xocalı soyqırımının həyata keçirilməsində aktiv iştirak ediblər və bu, istintaq materialları ilə də, onların özləri tərəfindən də təsdiq edilib”.

 

Daha sonra Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin mətbuat şöbəsinin müdiri Şəbnəm Tofiqqızı çıxış edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT qətnamələrinin və digər beynəlxalq təşkilatlarının qərarlarının yerinə yetirilməməsinə diqqət çəkib. Qarabağda döyüşlərdə iştirak etmiş “Qarabağ Əlilləri və Veteranları” Cəmiyyəti İctimai Birliyinin sədri Növrəstə Yusifova erməni vəhşiliklərindən söz açıb.

 

Sonda Bakı Şəhər Kino Xidməti İdarəsində hazırlanan “92-ci ilin qarı” filmi nümayiş etdirilib. Film Goranboyda və Goranboyun Ağcakənd kəndində çəkilib. Filmin ssenari müəllifi və rejissoru Gültəkin Nərimandır.

 

Apa.az