53 dövlətin parlamenti Xocalının soyqırımı kimi tanınmasında həmrəy oldu
Fevralın 18-19-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçirilib.
Trend-in məlumatına görə, sessiyada iştirak edən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Beynəlxalq katibliyinin rəhbəri Elməddin Mehdiyev mətbuata açıqlamasında bildirib ki, öz işini bu gün yekunlaşdıran bu beynəlxalq görüşdə 53 üzv dövlətin parlament nümayəndələri iştirak edib və bir çoxuna parlament spikerləri rəhbərlik ediblər.
Sessiyada “İƏT Parlament İttifaqı ilə İKGF arasında əməkdaşlıq” adlı qətnamədə növbəti dəfə Xocalı faciəsi “soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət” kimi qiymətləndirilib. İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində irəli sürülən bu qətnamə layihəsi İttifaqın iş proseduruna uyğun olaraq Azərbaycan Milli Məclisi tərəfindən dəstəklənib və Konfransın katibliyinə təqdim edilib.
Konfransın birinci günündə çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov İKGF tərəfindən həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini vurğulayıb və üzv dövlətləri kampaniyanın fəaliyyətinə dəstək verməyə, həmçinin irəli sürülən qətnaməni dəstəkləməklə Xocalı soyqırımının tanınması kimi mühüm məsələdə həmrəylik nümayiş etdirməyə çağırıb.
İƏT Gənclər Forumunun təmsilçisi qəbul olunmuş sənədin əhəmiyyətini vurğulayaraq bildirib ki, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyasının fəaliyyətinin bu il 5 ili tamam olur və bu müddət ərzində kampaniyanın qarşısına qoyduğu məqsədlərə çatması üçün İKGF müxtəlif səviyyələrdə iş aparıb. Bu baxımdan kampaniyanın əsas məqsədlərindən biri olaraq Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaq üçün Gənclər Forumu faciənin beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasını kampaniya çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Beynəlxalq sənədlərin kampaniyanın ölkələr səviyyəsində fəaliyyəti üçün mühüm olduğunu qeyd edən E.Mehdiyev bu 5 il ərzində aparılan iş nəticəsində İƏT çərçivəsində bütün səviyyələrdə, o cümlədən İƏT-in ali orqanı olan dövlət başçılarının sammiti səviyyəsində Xocalı faciəsinin soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanındığını bidirib.
Sessiyanın işində iştirak edən millət vəkili Cavanşir Paşazadə qətnamənin siyasi əhəmiyyətini qeyd edərək, bu nailiyyəti məhz “Xocalıya ədalət” kampaniyasının mühüm beynəlxalq uğuru kimi qiymətləndirib. Deputat Milli Məclisin sessiyalarında iştirak edən İKGF nümayəndələrinin üzv ölkələrin nümayəndə heyətləri ilə apardıqları iş nəticəsində qətnamənin yekdilliklə qəbul olunmasını xüsusi vurğulayıb. C.Paşazadə qeyd edib ki, sənəd istər Milli Məclis xətti ilə, istər kampaniya xətti ilə, istərsə də səfirliklərimiz tərəfindən İƏT üzv ölkələrinin parlamentlərində Xocalı soyqırımının milli səviyyələrdə tanıdılması iştiqamətində işin aparılması üçün yaxşı zənim yaradır.
Qeyd edək ki, baş qərargahı Tehranda yerləşən İƏT Parlament İttifaqı 53 dövlətin parlamentini öz sıralarında birləşdirir. 20 beynəlxalq təşkilat, o cümlədən İKGF təşkilatda müşahidəçi statusuna malikdir.
Trend.az