Mart ayından Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı xeyli sadələşdiriləcək
Azərbaycanda cari ilin mart ayından daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurlar xeyli sadələşdiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov bildirib.
Onun sözlərinə görə, Dövlət Komitəsi bu sahədə Ədliyyə Nazirliyi ilə birgə iş aparır: “Nazirlik bizə məlumat verib ki, martın 3-də işin özünə aid hissəsini başa vurur, bundan sonra notarius orqanları Dövlət Komitəsinin elektron məlumat bazasına çıxış əldə edəcəklər”.
K.Həsənov deyib ki, vətəndaşlar üçün mənzillərin alqı-satqısını rəsmiləşdirmək və ya zəruri arayışı almaq xeyli asan olacaq. “Yüklülük haqqında arayışların alınması üçün (“Forma 1″) notariusa müraciət etmək kifayət edəcək. Həm müraciəti rəsmiləşdirmək, həm də rüsumu ödəmək mümkün olacaq. Notarius orqanları sənədləri elektron şəkildə Dövlət Komitəsinin ərazi idarələrinə göndərəcəklər. Sonradan vətəndaşlar hazırlanmış arayışı götürmək üçün yalnız bir dəfə öz ərazi idarələrinə baş çəkməli olacaqlar”.
Bundan başqa, onun sözlərinə görə, yaxın gələcəkdə notarius orqanları təkrar mənzil alqı-satqısını rəsmiləşdirə biləcəklər: “Notarius real vaxt rejimində bizim məlumat elektron bazamıza müraciət edə və alqı-satqı əməliyyatını həyata keçirə biləcək”.
Trend.az