Marneulidə “Xocalıya Ədalət!” kampaniyasına start verilib
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) və Avrasiya və Beynəlxalq Araşdırmalar Birliyinin təşəbbüsü ilə “Xocalıya Ədalət!” kampaniyasına start verilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri açan AMM-nin rəhbəri Fazil Həsənov “Xocalıya Ədalət!” kampaniyasına həsr olunan tədbirdə hər il millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlər arası Dostluq Qrupunun sədri Qənirə Pşayevanın rəhbərliyi ilə nümayəndə heyətin iştirak etdiyini və tədbirdə xüsusən xaricdə təhsil alan gənclərin çoxluq təşkil etdiyini bildirib. F. Həsənov bildirib ki, hər il fevral ayında dünyanın hər yerində yaşayan soydaşlarımız Azərbaycan xalqının başına gətirilən faciələri anır, bu qətliamlar haqqında geniş tədbirlər keçirilir.
Sonra Azərbaycan MM-in üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva çıxış edərək Qaradağlı və Xocalı soyqırımı faciələrində şəhid olan bütün şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan edib. Q. Paşayeva bildirib ki, Xocalı, Qaradağlı faciələri Gürcüstan ictimaiyyətinə və cəmiyyətinə daha çox çatdırılmalı, istər gürcü gənclərinə, istərsə də xaricdə təhsil alan azərbaycanlı gənclərə bu faciə haqqında ətraflı məlumat verilməlidir.
Q. Paşayeva qeyd edib ki, Azərbaycan tarixini XX əsrdən sonra öyrənmək lazım deyil, tarixi daha dərinliyə baş vurub oxumaq lazımdır. Millət vəkili müxtəlif illərdə Amerika, alman, rus, gürcü yazıçı və alimlərin qələmə aldığı erməni yalanlarına qarşı faktlar olan mənbələr haqqında məlumat verib. Sonra millət vəkili həmin faktları özündə əks etdirən kitabları AMM-in kitabxanasına hədiyyə edib.
Tədbirdə Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov da iştirak edib.
Sonda tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin hazırladığı “Qaradağlı soyqırımı” filmi nümayiş etdirilib.
Apa.az