Azərbaycan səfiri Qətərin mətbuat orqanlarına müsahibələrində ölkəmizdə idman sahəsində əldə edilmiş uğurlardan danışmışdır
Qətər Dövlətinin Əmirinin təşəbbüsü və 80 saylı qərarına əsasən hər il fevralın 11-i ölkədə Milli İdman Günü kimi qeyd edilir.
Azərbaycanın Qətərdəki səfirliyindən AzərTAc-a bildirilmişdir ki, bu il də ölkədə yüksək səviyyədə təşkil olunmuş Milli İdman Gününün açılış mərasimində dövlət və hökumət rəsmiləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayev də mərasimdə iştirak etmiş və bir sıra kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir.
Səfir müsahibələrində demişdir ki, Azərbaycanın və Qətərin artan iqtisadi qüdrəti hər iki ölkəyə dünyada marağın daha da çoxalmasına gətirib çıxarmışdır. Bu, həm də ölkələrimizin beynəlxalq əməkdaşlıq sahəsində bundan sonra da aparıcı rola malik olacağını deməyə əsas verir.
Azərbaycan-Qətər əlaqələrinin böyük tarixə malik olduğunu deyən diplomat əmin olduğunu bildirmişdir ki, Prezident İlham Əliyevin və Əmir şeyx Təmim bin Həməd Al Taninin rəhbərliyi ilə əməkdaşlığımız daha da güclənəcəkdir.
T.Abdullayev Azərbaycanın idman sahəsində qazandığı uğurlar, ölkəmizdə yaradılan geniş idman infrastrukturu barədə məlumat vermişdir. Diplomat Azərbaycanın bir çox beynəlxalq səviyyəli yarışlara uğurla ev sahibliyi etdiyini, 2015-ci ildə birinci Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyini diqqətə çatdırmışdır. Səfir Qətər vətəndaşlarını və bu ölkədə yaşayan bütün idmansevərləri Avropa Oyunlarına baxmaq üçün Azərbaycana dəvət etmişdir.
AzərTAc.az