Gürcüstan Prezidenti Qax rayonunda olub

Posted by

Gürcüstan Prezidenti Qax rayonunda olub

Gürcüstan Prezidenti Qax rayonunda olub

Gürcüstan Prezidenti Qax rayonunda olub

Fevralın 13-də Qax rayonuna gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvili əvvəlcə Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət etmişdir.

Ali qonağın diqqətinə çatdırılmışdır ki, XVIII əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılmışdır. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Prezident Georgi Marqvelaşvili kilsədə şam yandırmış, ianə vermiş, abidənin həyətində kənd sakinləri ilə görüşmüş, yerli musiqiçilərin ifasında gürcü xalq musiqisini dinləmişdir.

Sonra Gürcüstan Prezidenti “El Resort” otelinin Konfrans Mərkəzində rayonun gürcü əhalisi ilə görüşmüşdür. Ali qonağa məlumat verilmişdir ki, geniş turizm potensialına malik olan Qax rayonunda son illər turizm infrastrukturunun yaradılması istiqamətində davamlı iş aparılır, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilir. 2011-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “El Resort” oteli də belə turizm obyektlərindən biridir.

Diqqətə çatdırılmışdır ki, tikintisinə 2011-ci ildə başlanılan bu Konfrans Mərkəzi 2013-cü ilin avqustunda istifadəyə verilmişdir. Müasir layihə əsasında tikilən Konfrans Mərkəzində bütün infrastruktur ən müasir səviyyədə qurulmuşdur. Mərkəzin birinci mərtəbəsindəki sütunsuz böyük zal 900 nəfərə xidmət göstərə bilər. Zalda dörd böyük ekran və bunlara uyğun proyektorlar quraşdırılmışdır. İkinci mərtəbədəki zallar da ən müasir mobil audio-video avadanlığı ilə təchiz edilmişdir.

Konfrans zalında gürcü ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşən Prezident Georgi Marqvelaşvili Qax rayonuna səfərindən, gürcülərlə görüşündən məmnun qaldığını bildirmiş, rayon əhalisinin yaşayış səviyyəsinin yüksək olduğunu qeyd etmişdir. Prezident İlham Əliyevlə görüşünün çox səmərəli keçdiyini vurğulayan Gürcüstan Prezidenti, yüksək qonaqpərvərliyə görə bir daha Azərbaycan Prezidentinə minnətdarlığını bildirmiş, bu səfərin ikitərəfli əlaqələrin, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə etmişdir. Görüşdə çıxış edən gürcü millətinin nümayəndələri burada Azərbaycanın tam hüquqlu vətəndaşları olduqlarını, heç vaxt ayrı-seçkilik hiss etmədiklərini, rahat, əmin-amanlıq şəraitində yaşadıqlarını bildirmişlər.

Məlumat verilmişdir ki, Qax rayonunda 7 min nəfərdən artıq gürcü yaşayır. Rayonda milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıq yüksək səviyyədədir. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 11 mədəniyyət müəssisəsi, 1 sahə xəstəxanası, 2 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Gürcü Dövlət Dram Teatrı fəaliyyət göstərir. Rayonda yaşayan digər xalqlar kimi, gürcülər də Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini ürəkdən bəyənir və dəstəkləyirlər.

Görüşdə Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanmışdır.

Sonra Gürcüstan Prezidenti gürcülərin yaşadığı Meşəbaş kəndinə gəlmiş, yeni tikilmiş məktəb binası ilə tanış olmuşdur. Ali qonağın diqqətinə çatdırılmışdır ki, kənd məktəbinin binası 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü. Zəlzələdən zərər çəkmiş digər məktəblər kimi, Meşəbaş kənd məktəbi üçün də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qısa müddətdə hər cür şəraiti olan yeni bina tikilib istifadəyə verilmişdir. Diqqətə çatdırılmışdır ki, binanın bir korpusunda kəndin uşaq bağçası da fəaliyyət göstərir.

Gürcüstan Prezidenti məktəbin sinif otaqlarını gəzmiş, yaradılan şəraitlə tanış olmuş, uşaq bağçasında tərbiyə alan balacalarla görüşmüşdür. Məktəbin müəllimləri və valideynlər kənddə belə gözəl təhsil ocağının binasının istifadəyə verilməsini Azərbaycan və gürcü xalqları arasında əbədi dostluq münasibətlərinin bariz nümunəsi olduğunu bildirmişlər.

Prezident Georgi Marqvelaşvili Qax rayonundan xoş təəssüratlarla ayrılmışdır.

Bununla da Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatmışdır. Qəbələ Beynəlxalq Aeroportundan yola salınan Prezident Georgi Marqvelaşviliyə xatirə hədiyyəsi təqdim edilmişdir.

 

Trend.az