Rusiya eksperti belə hesab edir ki, Azərbaycanda insan alveri qurbanlarına yardım göstərilməsi sxemi səmərəli təşkil edilmişdir
Belarusun paytaxtında MDB dövlətlərinin insan alverinə qarşı mübarizə aparılmasına yönəldilmiş sosial, informasiya, təhsil və lisenziya siyasətinin ümumi prinsiplərini nəzərə almaqla Birlik ölkələrinin insan alveri ilə əlaqədar cinayətlərin qarşısının alınması konsepsiyası layihəsinin təkmilləşdirilməsi və razılaşdırılması üzrə ekspert qrupunun iclası başa çatmışdır. Bu barədə təşkilatın Minskdəki İcraiyyə komitəsinin mətbuat xidmətindən AzərTAc-a məlumat vermişlər.
Rusiya Federasiyasının baş Prokurorluğu Akademiyasının Elmi-Tədqiqat İnstitutunun – MDB ölkələri baş prokurorlarının Əlaqələndirmə Şurasının Elmi-Metodiki Mərkəzinin aparıcı elmi əməkdaşı Sergey Vinokurov demişdir: “MDB-nin iştirakçısı olan dövlətlər getdikcə daha geniş miqyas alan “canlı əmtəə” alveri probleminin həlli üsulları üzərində ciddi düşünürlər. Burada ən optimal yol belə cinayətlərin profilaktikasıdır”.
Məlum olduğu kimi, insan alveri minimum kapital qoyuluşu ilə həddindən artıq gəlir gətirən cinayətkar biznesdir, buna görə də belə cinayətlərin tam kökünü kəsmək çətin ki, mümkün olsun. Lakin Rusiya eksperti belə hesab edir ki, Birlik ölkələrinin hüquq mühafizə orqanlarının başlıca vəzifəsi profilaktika və uğurlu mübarizə vasitəsilə səmərəli əməkdaşlıq nəticəsində insan alveri ilə əlaqədar cinayətlərin sayını minimuma endirməkdir.
Bu mütəxəssisin fikrincə, daha bir mühüm vəzifə insan alveri qurbanlarına real yardım göstərilməsidir. O qeyd etmişdir ki, bəzi dövlətlərdə, o cümlədən Azərbaycanda insan alveri qurbanlarına yardım göstərilməsi sxemi kifayət qədər səmərəli təşkil edilmişdir, digər dövlətlərdə isə yenicə fəaliyyətə başlayır. S.Vinokurov demişdir: “Qurbanlara yardım göstərilməsi yaxın gələcəkdə sürətlə həll edilməli olan məsələlərdən biridir, belə ki, bu məsələni həll etmədən biz profilaktika işində çox da irəli gedə bilməyəcəyik”.
AzərTac.az