BMT-nin baş katibinə Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarına dair cədvəl təqdim olunub
Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistanla sərhəddə cəbhə boyunca bu ilin yanvar ayından başlayaraq Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarının kəskin şəkildə artması ilə bağlı Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev fevralın 12-də BMT-nin baş katibi Pan Gi Muna məktub göndərib.
Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, məktubda Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarına dair cədvəl baş katibin diqqətinə çatdırılıb və bildirilib ki, yanvar ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Milli Ordusunun iki zabiti snayper gülləsindən həlak olub və bir əsgərimiz yaralanıb. Bundan əlavə, Ermənistan tərəfi çox vaxt iriçaplı silahlar və snayperlərdən yaşayış məntəqələrini və mülki obyektləri, o cümlədən təsərrüfatları, məktəbləri və tibb müəssisələrini atəşə tutur və bu, mülki şəxslərin yaralanması və onların mülkiyyətinə ciddi ziyan dəyməsi ilə nəticələnib.
Baş katibin diqqətinə çatdırılıb ki, Ermənistan tərəfindən atəşkəsin pozulması hallarının vaxtı, istiqaməti və tezliyini təhlil edəndə, habelə onların ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən vacib görüşlərlə üst-üstə düşməsini nəzərə alanda, bu pozuntuların məqsədyönlü və sistematik olması və Yerevandakı mərkəzi hərbi komandanlıqdan verilən əmrlər əsasında həyata keçirilməsi aydın olur. Ermənistan tərəfinin yalnız ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi tərəfindən iki həftədən bir keçirilən monitorinq fəaliyyətləri zamanı atəşkəsə riayət etməsi və atəşin monitorinqin başa çatmasından dərhal sonra, bəzən isə müşahidəçilərin bölgəni tərk etməsini gözləmədən başlaması bu arqumenti təsdiqləyən digər sübutdur.
Daha sonra bildirilib ki, atəşkəsin pozulması hallarının statistikası bir daha Ermənistan rəhbərliyinin və onun BMT yanında daimi nümayəndəsinin bu ölkənin bölgədə sülh və sabitliyə münasibətinə dair verdikləri bəyanatların yalana əsaslanmasının göstəricisidir. Münaqişənin sülh yolu ilə həllinə sadiqliyinə dair bu ölkənin bəyanatları yerdəki hərəkətləri ilə tam ziddiyyət təşkil edir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə yanvarın 24-də Parisdəki görüşündən bir neçə gün əvvəl Ermənistanın silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmağa başlayıblar.
Qeyd edilib ki, Ermənistan tərəfindən zorakılığın və təxribatların sayının kəskin surətdə artması Azərbaycanın Xarici İşlər Nazirliyinin 25 yanvar tarixində verdiyi bəyanatda pislənib. Yanvarın 24-də Parisdəki görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri yaydıqları mətbuat məlumatında bölgədə davam edən zorakılığa dair ciddi narahatlıq ifadə etmiş və son hadisələrin danışıqlar prosesinə və sülhün bərqərar edilməsi perspektivlərinə ziyan vurduğunu bildirmişlər.
Məktubda xüsusilə qeyd edilib ki, Azərbaycan dünyadakı silahlı münaqişələrin döyüşən tərəflərinin Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları zamanı “Olimpiya atəşkəsi”nə riayət etməsinə dair BMT-nin baş katibi və digər yüksək rəsmi şəxslərin etdikləri çağırışları alqışlayır. 4-5 fevral tarixlərində bölgəyə səfərdən sonra yaydıqları mətbuat məlumatında ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhədə silahlı qarşıdurmaının artmasından narahatlıq ifadə etmiş, Azərbaycan və Ermənistan prezidentlərinin Olimpiya Oyunları zamanı atəşkəsə riayət etmək və vəziyyətin daha da gərginləşməsinə yol verməmək niyyətində olduqlarını bildirmişlər. Lakin fevral ayında cənhə xəttində gərgin vəziyyət davam etmişdir. Azərbaycan tərəfi Ermənistanın qeyd edilən atəşkəs çağırışlarına məhəl qoymamasından və bölgədə təxribatçı hərəkətlərini davam etdirməsindən təəssüflənir. Ermənistanın bu hərəkətləri onun dövlət başçısının ATƏT-in Minsk qrupunun həmsədrlərinə verdiyi vədə və xüsusilə, BMT Baş Assambleyasının keçən ilin noyabrında qəbul etdiyi və Ermənistanın da həmmüəllif olduğu “İdman və Olimpiya ideyaları vasitəsilə sülhpərvər və daha yaxşı dünyanın qurulması” adlı qətnaməsinin tələblərinə ziddir.
Daimi nümayəndə məktubun BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc edilməsini xahiş edib.
Trend.az