BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrindən danışılıb
Fevralın 12-də “Silahlı münaqişə zamanı mülki şəxslərin müdafiəsi” mövzusunda BMT Təhlükəsizlik Şurasının açıq iclası keçirilib.
Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən BMT baş katibinin sülhü qoruma əməliyyatları üzrə müavini, təşkilatın humanitar məsələlər üzrə əlaqələndiricisi, BMT-nin insan haqları üzrə ali komissar və Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri dünyada baş verən münaqişələr zamanı mülki şəxslərin müdafiə edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, BMT-nin bu istiqamətdə fəaliyyəti barədə məruzələrlə çıxış ediblər.
Təhlükəsizlik Şurası və BMT-nin digər üzv dövlətləri ilə yanaşı çıxış edən Azərbaycan nümayəndəsi bildirib ki, müasir dövrdə silahlı münaqişələrin artan qəddarlığı və müharibə taktikasının dəyişən təbiəti dinc əhalinin müdafiə edilməsi məqsədilə milli və beynəlxalq səviyyələrdə daha çox tədbirlərin görülməsini tələb edir. Bununla yanaşı, bəşəriyyətə qarşı cinayətlər və müharibə cinayətlərinə görə cəzasızlığın aradan qaldırılması üçün daha qətiyyətli və ünvanlı tədbirlər görülməlidir.
Azərbaycan nümayəndəsi öz çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrindən ətraflı danışaraq bildirib ki, hələ XX əsrin 80-ci illərinin sonunda azərbaycanlıların Ermənistandan qovulması prosesi qətllər, işgəncələr və digər cinayətlərlə müşayiət olunurdu. 1991-1994-cü illər arasında isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı dinc azərbaycanlı əhaliyə qarşı sistematik və irimiqyaslı cinayətlərlə müşayiət edilirdi. 1992-ci ilin fevralında Ermənistanın işğalçı qüvvələri Xocalı şəhərini tamamilə yerlə yeksan edərək, şəhərin əhalisini qırmış və onlara qarşı ağlasığmaz cinayətlər törətmişlər. Bu cinayətlərə görə cavabdeh olan şəxslərin hələ də məsuliyyətə cəlb edilməməsi münaqişənin həllində irəliləyişə nail olmaq istiqamətində maneədir.
Azərbaycan nümayəndəsi daha sonra qeyd edib ki, dünyadakı silahlı münaqişələrdə döyüşən tərəflərin hazırda Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Olimpiya Oyunları zamanı “Olimpiya atəşkəsi” elan etməsinə dair BMT baş katibi və beynəlxalq ictimaiyyətin digər nüfuzlu yüksək səviyyəli şəxsləri tərəfindən edilən çağırışa məhəl qoymayan Ermənistan əksinə, son aylar ərzində atəşkəs rejimini pozmağa davam edir, cəbhə xətti boyunca vəziyyəti gərginləşdirir və dinc əhali və mülki obyektlərə qarşı hücumlarını artırır.
Ermənistan nümayəndəsinin daha sonra etdiyi cəfəngiyat xarakterli çıxışına cavab olaraq yenidən söz alan Azərbaycan nümayəndəsi 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən və sonuncunun ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin pozulmazlığı prinsipinə hörmət edilməsinin vacibliyini təsdiq edən və işğal edilmiş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyini vurğulayıb.
Xocalı soyqırımına bir daha toxunan Azərbaycan nümayəndəsi Ermənistanın yüksək siyasi və hərbi şəxslərinin bu qanlı hadisələrdə əlinin olması və onların Xocalı sakinlərini və müdafiəçilərinin qətlə yetirilməsində bilavasitə iştirak etdikləri barədə dəfələrlə açıqlamalar verdiyini xatırladıb. Azərbaycan nümayəndəsi xüsusilə vurğulayıb ki, Ermənistanın hazırkı prezidentinin 2000-ci il dekabrın 15-də müdafiə naziri olan zamanı verdiyi müsahibələrin birində Xocalıda mülki şəxslərin qətlə yetirilməsinə görə heç bir təəssüf hissi keçirmədiyini və belə sarsıntıların, hətta minlərlə şəxs ölsə də, lazım olduğunu bildirməsi artıq şərhə yer qoymur və Ermənistan rəhbərliyinin mülki şəxslərin müdafiəsi və münaqişənin sülh yolu ilə həllinə həqiqi münasibətini nümayiş etdirir.
Trend.az