Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi üçün internetdən istifadə ediləcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti internetin, sosial şəbəkələrin gücündən də istifadə edərək gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfələr verməyi nəzərdə tutur. Trend-in məlumatına görə, bunu “Respublika” qəzetindəki yazısında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
A.Rəhimov qeyd edib ki, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin təkmilləşdirilməsi işində müasir texnologiyalardan istifadə və yeni metodların tətbiqi də zəruri məsələ kimi qarşıda durur: “Bu gün gənclər daha çox internetin verdiyi imkanlardan yararlanırlar və onların hamısının bu imkanlardan faydalı şəkildə istifadə etdiyini, düzgün yönləndirildiyini söyləmək olmaz”.
Onun sözlərinə görə, təhsil müəssisələrində çağırışaqədər yaş həddində olan yeniyetmələrin fiziki hazırlığına yönəldilmiş diqqət gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına imkan yaradır. Məktəb şağırdlərinin hərbi-idman oyunlarına cəlb edilməsi onların ordu sıralarında xidmətə hazırlanmasına təkan verir.
A.Rəhimov qeyd edib ki, Xidmətin fəaliyyətinin digər mühüm bir istiqaməti hərbi təhsilə marağın daha da yüksəldilməsidir: “Buna isə, ilk növbədə, orta təhsil müəssisələrindən başlamaq lazımdır. Orta məktəblərdə hərbi hazırlıq dərslərinin təkmilləşdirilməsi üçün Xidmət tərəfindən müvafiq işlər görülür, fənn müəllimləri ixtisaslı kadrların sırasından seçilir və onların təkmilləşdirilməsi daim diqqətdə saxlanılır. Azərbaycan ordusunun sıralarında xidmət edənlərin fiziki sağlamlığı ilə yanaşı, onların yüksək intellektləri ilə fərqlənməsi də fəaliyyətimizin mühüm tərkib hissəsidir”.
Qeyd edək ki, fevralın 13-ü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Prezident İlham Əliyev 2012-ci il fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycanın Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Trend.az