Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
Fevralın 11-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin Baş naziri Plamen Oreşarski ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur.
P.Oreşarski ötən ilin dekabrında Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirakını, Prezident İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlatmışdır. Baş nazir “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasını tarixi hadisə kimi dəyərləndirmişdir.
P.Oreşarski ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu bildirmiş, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, səhiyyə, idman, təhsil sahələrində də inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
Emil Kərimov Azərbaycanın dost Bolqarıstan ilə bütün sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləmiş, bu istiqamətdə səfirlik tərəfindən lazımı işlərin aparılacağına əminliyini bildirmişdir.
AzərTac.az