Azərbaycanda seysmologiya üzrə dövlət proqramının layihəsi hazırlanacaq
Azərbaycanda seysmologiya üzrə dövlət proqramının layihəsi hazırlanacaq. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev deyib.
Onun sözlərinə görə, AMEA prezidenti Akif Əlizadə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Yer Elmləri Bölməsi və digər bölmələrə seysmologiyaya aid böyük böyük layihənin dövlət proqramı şəklində hazırlanması barədə tapşırıq verib: “A.Əlizadə tapşırıq verib ki, bu layihəni dövlət proqramı kimi hökumətə təqdim edək. Hesab edirəm ki, yaxın vaxtlarda bu layihə hazır olacaq”.
T.Əliyev qeyd edib ki, hazırda AMEA-nın institutlarında və elmi müəssisələrində seysmologiya ilə bağlı müxtəlif işlər aparılır. Dövlət proqramının layihəsinin hazırlanmasında məqsəd anomal seysmik prosesləri daha geniş şəkildə öyrənmək, bu sahədə əldə edilən elmi nəticələri sistem şəklində tətbiq etməkdir. Layihənin hazırlanmasına qısa müddət ərzində başlanılması nəzərdə tutulur.
Trend.az