Azərbaycanın Daxili Qoşunları Türkiyə Jandarması ilə əməkdaşlığı genişləndirir
Fevralın 3-də Daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin ilk günü nümayəndə heyəti “Anıtkabir”i ziyarət edib, Atatürk movzeleyinə gül çələngi qoyub.
Həmin gün Şahin Məmmədov Türkiyə Respublikasının Jandarm Baş Komandanı Ordu generalı Servet Yörük ilə görüşüb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ordu generalı Servet Yörük Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovu səmimi salamlayaraq, onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Jandarm Baş Komandanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Silahlı Qüvvələri və Jandarm Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını diqqətə çatdıraraq, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
General-mayor Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Türkiyə Respublikasına rəsmi səfər etməsindən məmnunluğunu ifadə edib.
Fevralın 6-dək davam edəcək səfər çərçivəsində general-mayor Ş.Məmmədov və nümayəndə heyəti Hərbi Akademiyalar Komandanı Ordu generalı Yalçın Ataman, Jandarm Təlim Komandanı general-polkovnik İbrahim Yaşar, Jandarm Məktəblər Komandanı general-leytenant Ali Lapanta, Ankara Jandarm Bölgə Komandanı general-mayor Musa Çitil və digər vəzifəli şəxslərlə görüşəcək.
Səfər proqramına uyğun olaraq, Daxili Qoşunların nümayəndə heyəti Jandarm Praktiki Təlim Mərkəzində və Jandarm Özəl Asayiş Komandanlığında müxtəlif mövzularda göstərici məşğələni izləyəcək.
General-mayor Ş.Məmmədov İstanbul şəhərində yerləşən Hərbi Akademiyada təhsil alan azərbaycanlı zabitlərlə də görüşəcək.
Nümayəndə heyəti həmçinin, Jandarmanın və Türkiyənin şanlı tarixini əks etdirən muzeylərdə olacaqlar.
Trend.az