Azərbaycan Xəzərdə neft dağılmalarına qarşı mübarizədə “Statoil”un təcrübəsini öyrənir
Bu gün “Qafqaz Point Otel”də Azərbaycan Fövqəladə Hallar Nazirliyi və “Statoil Azerbaijan” şirkətinin təşkilatçılığı ilə neft dağılmalarına qarşı cavab üzrə iki günlük seminar başlayıb.
APA-nın məlumatına görə, seminara müvafiq hökumət qurumlarının və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft şirkətlərinin nümayəndələri qatılıb.
Seminarda “Statoil” və Əməliyyat Şirkətləri üzrə Norveç Təmiz Dənizçilər Assosiasiyasının ekspertləri Şimal dənizində aparılmış real tədqiqatlar əsasında Norveçdə neft dağılmalarına qarşı cavab üzrə idarəetmə strukturuna dair təqdimatlarla çıxış ediblər.
Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, Xəzər Hövzə Qəza Xilasetmə Xidməti neft dağılmalarına qarşı mübarizə ilə bağlı BP şirkəti ilə əməkdaşlıq qurub. O, “Statoil” şirkətinin bu sahədə təcrübəsinin öyrənilməsi baxımından bu seminarın əhəmiyyətli olacağını söyləyib.
“Statoil Azerbaijan” şirkətinin ölkə menecerinin müavini Odvar Samuelsberq neft dağılmalarına qarşı mübarizə sahəsində FHN-lə əməkdaşlığın səmərəli olacağını deyib. “Statoil”un neft dağılmalarına qarşı cavabla bağlı fövqəladə hallara hazırlıq üzrə məsləhətçisi Lars Brekke “Neft dağılmalarının iqtisadi əsaslandırılması: Norveç üsulu” mövzusunda çıxış edib. O bildirib ki, Norveçdə neft təhlükəsizliyi üzrə müvafiq orqan və Norveç Sərhədyanı Administrasiyası var, ikinci qurum sərhədyanı bölgədə əlavə tədbirlər həyata keçirir: “Norveçdə qəbul edilən qanunvericiliyə görə, əgər sən dənizi çirkləndirirsənsə, təmizləmə işlərini də sən həyata keçirməlisən. Əgər 1 kubmetrdən artıq dağılma baş veribsə, bu işlər mütləq görülməlidir”.
L. Brekke Şimal dənizində neft dağılmaları sahəsində görülən işlərdən danışıb. O, neft dağılmalarına qarşı mübarizənin təhlil əsasında aparılmalı olduğunu vurğulayıb: “Milli qanunvericiliyin tələbləri ilə bərabər “Statoil” şirkətinin özünün də minimum tələbləri var. Müxtəlif ərazilərə cavabdeh olan biznes qurumları neft dağılmaları üzrə normativ tələblərə cavab verməlidir. Əməliyyatlara cavabdeh olan qurum böhran zamanı da cavabdeh olmalıdır. Ancaq böhranla bağlı şirkət tək qalmamalı, bu sahədə məsuliyyətin bölüşdürüldüyü tərəfdaş olmalıdır. Bütün tərəfdaşlar eyni səviyyədə əməkdaşlıq edərək problemin aradan qaldırılmasını həyata keçirməlidirlər. “Statoil” şirkətinin minimum tələblərinə əsasən ilk növbədə dağılmanın həcmi müəyyənləşdirilməlidir. Biz neft dağılmaları ilə bağlı təlimat hazırlamışıq”.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verərsə, “Statoil” şirkətinin yanğınsöndürənlərlə əməkdaşlığının necə qurulması ilə maraqlanıb. L. Brekke təhlükələr və qəzalar siyahısı tətbiq etdiklərini nəzərə çatdırıb: “Hansısa platformada yanğın baş verirsə, o platformanın müvafiq planı olmalıdır. Eyni zamanda əməliyyatçı şirkət ilk növbədə platformadakı insanların oradan çıxarılmasını təmin etməlidir. Bu məqsədlə 6 helikopterimiz var. Ən geci 60 dəqiqə ərzində lazım olan yerə çatmaq imkanımız var. Bizim üçün insanlar başlıca amildir”.
“Statoil Azerbaijan” şirkətinin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə meneceri Şapur Sotodemaneş deyib ki, “Statoil”neft dağılmalarının idarəetməsi üzrə böyük təcrübəyə malikdir və bu sahədə bilik və təcrübələrini azərbaycanlı tərəfdaşları ilə bölüşməyə hazırdırlar. Onun sözlərinə görə, Xəzər dənizi hövzəsində müxtəlif ölkələr tərəfindən həyata keçirilən neft və qaz layihələri dəniz mühitində neft dağılmalarına cavab üzrə səmərəli sistemə ehtiyacı ortaya çıxarır: “Biz inanırıq ki, bu seminar Azərbaycanın Neft Dağılmalarına Qarşı Cavab üzrə Dövlət Planına öz müsbət töhfəsini verəcək”.
Apa.az