Azərbaycan Türkiyə və Avropa ölkələri ilə birgə terrorçuluğa qarşı mübarizə üzrə layihələr həyata keçirəcək
Azərbaycan Türkiyə və Avropa ölkələri ilə birgə terrorçuluğa qarşı mübarizə üzrə layihələr həyata keçirəcək. Bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin fevralın 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Trend-in məlumatına görə, bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Saziş müzakirə olunub.
Komitə sədri, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib ki, sazişə əsasən, Azərbaycanla Türkiyə tərəfləri öz ərazilərində terror təşkilatlarını maliyyə və sığınacaq, yaşayış, təlim, müalicə, təchizat təminatı daxil olmaqla, digər formada dəstəkləyən şəxslərə, təşkilatlara qarşı səmərəli birgə mübarizə layihələri hazırlaya və həyata keçirə bilərlər.
Komitədə həmçinin “Avropa Şurasının terrorçuluğun qarşısının alınması haqqında Konvensiyasının təsdiq olunması haqqında” Qanun layihəsi da müzakirə edilib. I vitse-spikerin sözlərinə görə, qanuna əsasən, Azərbaycan və Avropa ölkələri arasında çirkli pulların yuyulmasına, terrorçuluğun digər bütün formalarına qarşı mübarizədə əməliyyat mübadilələri, tərəflər arasında operativ məlumatların ötürülməsi, maarifləndirmə və digər sahələrdə yeni birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Millət vəkilləri hər iki sənədi ratifikasiya etmək üçün Milli Məclisin plenar iclasının gündəliyinə salınmasına razılıq veriblər.
Trend.az