Bakıda Ümumdünya Gömrük Təşkilatının regional konfransı keçirilir

Posted by

Bakıda Ümumdünya Gömrük Təşkilatının regional konfransı keçirilir

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu üzrə Milli Tədris Mərkəzləri rəhbərlərinin I konfransı işə başlayıb.

 

«APA-Economics»in məlumatına görə, tədbiri açan Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, ÜGT-nin Avropa regionu üzrə sədr müavini Aydın Əliyev bildirib ki, konfransa Azərbaycan da daxil olmaqla 42 iştirakçı və 5 müşahidəçi ölkənin, bir sıra beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

 

Onun sözlərinə görə, yanvarın 24-dək davam edəcək konfrans üç sessiya – «Aktual məsələlər və gömrük tədrisi üzrə fikir mübadiləsi», «Gömrük tədrisində qabaqcıl yanaşmalar» və «Konfransın nəticələri və gələcəyə aparan yol, yekun sənədin imzalanması» bölmələrindən ibarət olacaq.

 

Bugünkü ilk sessiyada «Gömrük peşəkarlığı və bacarıqlar» mövzusunda milli insan resurslarının inkişafı və tədris strategiyaları, işçi heyətinin təkmilləşdirilməsi, bacarıqlar və fəaliyyət mövzusunda olub. Həmçinin, konfransda idarənin təşkilati və tədris strategiyaları arasında qarşılıqlı əlaqənin təmin edilməsi, təcrübə mübadiləsi mövzuları müzakirə olunub.

 

A.Əliyev bildirib ki, belə bir tədbir Azərbaycanda ilk dəfə keçirilir: «Azərbaycan ÜGT-yə sədr müavini seçildikdən sonra maraqlı tədbirlər və təkliflərlə çıxış etməyə başlayıb. Bu tədbir Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə Milli Tədris Mərkəzləri rəhbərlərinin konfransıdır. Konfransa ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktoru Erik Kikdə qatılıb».

 

A.Əliyev deyib ki, dünyada 6 analoji tədris mərkəzi var ki, onun biri də Bakıdadır: «Kadrların hazırlanması bizim üçün çox önəmlidir. Çünki bu kadrlar Azərbaycanın gömrük sahəsinin gələcəyi ilə bağlıdır».

 

ÜGT-nin potensialının gücləndirilməsi üzrə direktoru Erik Kik isə bildirib ki, ÜGT-nin sıralarında 180 ölkə birləşib: «Biz Avropa regionunu əhatə edən 52 ölkənin təlim mərkəzlərinin nümayəndələrini Bakıda təşkil olunacaq üç günlük konfransa dəvət etmişik. Bu konfrans insan resurslarının inkişaf etdirilməsi baxımından qabaqcıl təcrübəni öyrənmək üçün təşkil olunmuş bir tədbirdir. Bura gəlmişik ki, yerli gömrük sahəsinə öz dəstəyimizi verək və buradakı təcrübədən də özümüz faydalanaq».

 

Konfransın sonunda tədbir iştirakçıları Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisini, həmçinin ÜGT-nin Regional Tədris Mərkəzini ziyarət edəcəklər.

 

Apa.az