Səhiyyə Nazirliyi ötən il 226 yeyinti məhsullarının istehsalı müəssisəsinin fəaliyyətini dayandırıb
Azərbaycanda yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğuna görə ötən il 226 müəssisəsinin fəaliyyəti dayandırılıb. Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsindən bildirilib.
Mərkəzdən deyilib ki, hesabat müddətində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 797 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub, 226 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Ötən il orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 10 509, mikrobioloji göstəricilərinə görə 9841 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Müayinələrin 161-də orqanoleptik və fiziki-kimyəvi, 112-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.