Cəbhə xəttində atəşkəs növbəti dəfə pozulub, Azərbaycan Ordusunun əsgəri yaralanıb
Ermənilər cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozublar. Nəticədə Azərbaycan Ordusunun bir əsgəri yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
Dünən cəbhənin Tovuz rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində 1995-ci il təvəllüdlü, 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılmış əsgər Əhədli Tapdıq Firdovsi oğlu düşmən tərəfindən açılan atəşdən güllə yarası alıb.