Mikayıl Cabbarov Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə əmr verib
Azərbaycan təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə əmr verib.
Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, əmrdə qeyd edilir ki, Azərbaycanda təşəkkül tapmış açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təhsil Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması işinin planlaşdırılmış və koordinasiyalı qaydada təşkili kütləvi informasiya vasitələri ilə əlaqələrin daha səmərəli qurulması zərurətini yaradıb.
Təhsil Nazirliyinin kütləvi informasiya vasitələri ilə əməkdaşlığının mərkəzləşdirilmiş qaydada və müəyyənləşdirilmiş istiqamətlərdə qurulması ilə yanaşı, ictimaiyyətə dolğun və məzmunlu məlumatlar çatdırılmalı, ictimaiyyətlə əlaqələr “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara uyğun həyata keçirilməli, fəaliyyətin təşkilində təkrarçılıq və paralellik aradan qaldırılmalıdır.
TN daxilində üfüqi informasiya mübadiləsinin təmin edilməsi, ölkənin təhsil həyatında baş verən yeniliklər, həyata keçirilən islahatlar haqqında ictimaiyyətə və kütləvi informasiya vasitələrinə məlumatların operativ və sistemli şəkildə çatdırılmasının təmin olunması, media ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə TN-nin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız Nazirliyin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilməlidir.
Nazirliyin bütün struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri təhsil sahəsinə dair böyük ictimai maraq doğuran normativ-hüquqi sənədlər, müvafiq yerli və beynəlxalq tədbirlər, görüşlər haqqında məlumatların, kütləvi informasiya vasitələrindən daxil olmuş informasiya sorğularının və müraciətlərin müvafiq qanunvericiliyə uyğun müddətdə cavablandırılaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etməlidirlər.