Milli Məclisin dekabrın 17-də keçiriləcək iclasının gündəliyi açıqlanıb
Milli Məclisin dekabrın 17-də keçiriləcək plenar iclasının gündəliyinə 14 məsələ daxil edilib. Bu barədə Trend-ə Milli Məclisin məbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Onun sözlərinə görə, gündəlikdə olan məsələlələrin əksəriyyəti mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlıdır. Belə ki, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Qanuna, “Azərbaycan respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Qrant haqqında” qanunlara, eləcə də İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Bundan başqa, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanun layihəsi 2-ci oxunuşda, eləcə “Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikası hökuməti ilə Koreya Respublikası hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Sazişin təsdiq edilməsi haqqında” Qanun layihələri müzakirəyə çıxarılacaq.