“Washington Times”: Azərbaycan BMT-nin əsas dəyər və prinsiplərinin qorunmasına öz töhfəsini verib
Azərbaycan bu ay BMT Təhlükəsizlik Şurasında (TŞ) 2 illik qeyri-daimi üzvlüyünü başa çatdırır. Ötən ilin oktyabr ayında qeyri-daimi üzv seçilən Azərbaycan BMT-nin əsas dəyər və prinsiplərinin qorunmasına öz töhfəsini verib. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın nüfuzlu “Washington Times” qəzeti yazır.
Məqalədə deyilir ki, Azərbaycan BMT TŞ-də sədrliyi dövründə diqqəti beynəlxalq ictimaiyyət qarşısında duran başlıca vəzifələrə yönəldib: “Azərbaycan 2012-ci ilin may ayında terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məsələsini müzakirə etmək üçün xüsusi sessiya çağırıb”.
Qəzet yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxışı zamanı diqqəti BMT-nin üzv dövlətləri arasında əməkdaşlığı möhkəmləndirməyin və bu problemlə məşğul olan müvafiq strukturların potensialının artırılmasının vacibliyinə çəkib: “Prezident, həmçinin qeyd edib ki, Azərbaycan BMT TŞ-də sədrliyi dövründə beynəlxalq hüqunun normalarına hörmət edilməsinin keşiyində dayanacaq”.
Məqalədə deyilir: “Azərbaycan 2013-cü ilin oktyabrında BMT TŞ və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələsi üzrə xüsusi iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edib”.
Nəşrin yazdığına görə, mədəniyyətlərarası dialoq elə bir sahədir ki, Azərbaycanın bu sahədə təşəbbüsü öz üzərinə götürmək üçün bütün imkanları var: “Azərbaycan son zamanlar fikir mübadiləsi aparmaq üçün müxtəlif mədəniyyət və dini inanc sahiblərinin görüşdüyü məkana çevrilib”.
Məqalə müəllifi qeyd edir ki, Azərbaycanın BMT TŞ-də uğurlu qeyri-daimi üzvlüyü getdikcə ölkə diplomatiyasının çəkisinin daha da artmasını nümayiş etdirdi.