BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Bakıda məşvərət iclası keçirmişdir
Noyabrın 29-da Bakıda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təşkilatçılığı ilə vətəndaşsızlığa dair məşvərət iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyasının 60 illiyinə həsr olunmuş iclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatları, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişlər.
QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirmişdir ki, vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyası bu gün həmin insanların hüquqi statusunun tənzimlənməsi və təkmilləşdirilməsi üçün əsas beynəlxalq sənəddir. Konvensiya vətəndaşlığı olmayan şəxslərə dair standart rəftar üçün hüquqi çərçivəni müəyyən edir. Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı ildə ratifikasiya etmişdir.
Qeyd edilmişdir ki, Azərbaycanda vətəndaşsızlıqla bağlı problemlərin həlli istiqamətində bir neçə dəfə qərarlar qəbul olunmuşdur. Belə ki, 1998-ci ildə “Azərbaycan Respublikasının vətəndaşlığa haqqında” Qanunun qəbul edilməsi ilə Ermənistandan qovulmuş 250 mindən çox qaçqına və 50 min Məhsəti türkünə vətəndaşlıq hüququ verilmişdir.
Məşvərət iclasında çıxış edən deputat Çingiz Qənizadə demişdir ki, Azərbaycan vətəndaşlıq və vətəndaşsızlıqla bağlı bir sıra beynəlxalq müqavilələrə və konvensiyalara qoşulmuş, vətəndaşlıq məsələlərini və vətəndaşlığı olmayan şəxslərin vəziyyətini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul etmişdir. Diqqətə çatdırılmışdır ki, 1996-cı ildə Azərbaycan “Apatridlərin statusu haqqında” 1954-cü il və “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” 1961-ci il konvensiyalarına da qoşulmuşdur. Milli Məclisdə Miqrasiya Məcəlləsinin qəbul edilməsi ilə bu sahədə problemlərin həlli istiqamətində daha bir önəmli addım atılmışdır.
Ölkəmizdə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində hökumət tərəfindən bütün lazımi tədbirlərin görüldüyünü vurğulayan Ç.Qənizadə BMT-nin məcburi köçkünlərin statusuna beynəlxalq səviyyədə aydınlıq gətirməsinin vacibliyini qeyd etmişdir.
İclasda çıxış edən Dövlət Miqrasiya xidmətinin nümayəndəsi Nazim Salmanov ölkə ərazisində vətəndaşlığı olmayan şəxslərin mövcud hüquqi vəziyyəti, eyni zamanda, vətəndaşsızlıq hallarının qarşısının alınması və azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir.
İclasda bu sahədəki vəziyyətdən və problemlərin həlli yollarından bəhs olunmuş, müzakirələr aparılmış, təqdimatlar edilmişdir.