BMT-nin insan hüquqları üzrə eksperti Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı vəziyyəti qiymətləndirəcək
“Qadınlara qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən çox yayılmış pozulması hallarından biridir və bu qadınların əsas hüquq və azadlıqlarından tam şəkildə yararlanmasına ciddi maneçilik törədir”.
Bunu BMT-nin Xüsusi Məruzəçisi Raşida Mancu deyib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, 25 noyabr – 5 dekabr tarixlərində Azərbaycana səfər edəcək Raşida Mancu ölkədə qadınlara qarşı zorakılıq məsələsini tədqiq edəcəyini, səfər müddətində vəziyyətin qiymətləndirilməsi məqsədilə zorakılığa qarşı mübarizədə iştirak edən milli maraqlı tərəflərlə görüşlər keçirəcəyini açıqlayıb.
Məlumata görə, bu, BMT İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş müstəqil ekspertin qadınlara qarşı zorakılıq hallarını müşahidə etməklə hesabat vermək məqsədilə Azərbaycana etdiyi birinci səfəridir.
On gün davam edəcək səfər müddətində R. Mancu Bakı, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində Hökumət nümayəndələri ilə görüşəcək. O, həmçinin vətəndaş cəmiyyəti və xidmət təminatçılarının təmsilçiləri ilə də bir araya gələcək.
Məruzəçi deyib ki, xüsusilə, gender əsaslı zorakılığın ayrı-ayrı qurbanları ilə üzbəüz görüşmək üçün sığınacaqlara və qadın həbsxanasına baş çəkəcək.
R. Mancu İnsan Hüquqları Şurasının qarşıdan gələn sessiyasına missiya zamanı əldə ediləcək məlumatlar əsasında yekun nəticələr və tövsiyələrdən ibarət hesabat təqdim edəcək.
Qeyd edək ki, R. Mansu (Cənubi Afrika) 2009-cu ilin iyun ayında BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə Xüsusi Məruzəçi təyin edilib.