Azərbaycanda peşə məktəbləri müasir üsullarla idarə olunacaq
Azərbaycanda ilk peşə-ixtisas müəssisələrinin idarəetmə üsulları müasirləşdiriləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik ilk peşə-ixtisas təhsilinin inkişafı ilə əlaqədar 2014-2020-ci illəri əhatə edəcək inkişaf strategiyasını hazırlanmağı planlaşdırır. Artıq bu istiqamətdə müəyyən işlər aparılır.
Strategiyada ilk peşə-ixtisas təhsilinin inkişafını zəruri edən bütün aspektlərin yer alması nəzərdə tutulması planlaşdırılır. Belə ki, strategiyaya ilk peşə-ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, yeni müasir tipli peşə tədris mərkəzlərinin yaradılması, peşə təhsilində informal və qeyri-formal təhsil növlərinin inkişaf etdirilməsi daxil ediləcək.
Bununla yanaşı, strategiyada təhsil müəssisələrinin lisenziyalaşdırılması, mühəndis-pedaqoji heyətin akkreditasiyadan keçirilməsi, idarəetmə üsullarının təkmilləşdirilməsi və müasirləşdirilməsi, peşə təhsili müəssisələrinə təhsilalanların qəbulunun proqnozlaşdırılması, təhsil müəssisələrinin maliyyələşdirmə sisteminin təkmilləşdirilməsi, işəgötürən təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulması modelinin yaradılması, yeni məzmunlu təhsil proqramlarının hazırlanması və s. kimi məsələlərin daxil edilməsi nəzərdə tutulub.