Moldova ombudsmanı Aureliya Qriqoriu: Dağlıq Qarabağ məsələsində haqq-ədalət Azərbaycanın tərəfindədir
Bu gün Moldova ombudsmanı Aureliya Qriqoriu Azərbaycanın qeyri-hokumət təşkilatları və mətbuat nümayəndələri ilə görüş keçirib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov moldovalı ombudsmana təşəkkürünü bildirib.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan ombudsmanı Elmira Süleymanova qeyd edib ki, Azərbaycanın ən ağrılı yarası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlıdır. E.Süleymanova bildirib ki, Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə sayğısız yanaşması, riayət etməməsinə görə bu münaqişə hələ də həllini tapmayıb. Lakin E.Süleymanova bu məsələdə Azərbaycanı dəstəkləyənlərin sayının artdığını deyib:
“Get-gedə dünyaba bizi başa düşənlərin, dəstəkləyənlərin sayı artmaqdadır. Bizi dəstəkləyənlər sırasında ombudsmanlar da olub, lakin məhz xanım Aureliya Qriqoriu Ermənistan parlamentində bu məsələni tam çılpaqlığı ilə, həqiqətəuyğun, faktlara əsaslanaraq qaldırdı. Lakin ermənilər heç bir cavab tapmayaraq yenə də öz məkirli siyasətlərini dünyaya nümayiş etdirdilər və xarici ölkənin nümayəndəsinə qarşı qəddarlıqla reaksiya verdilər”.
E.Süleymanova qeyd edib ki, A.Qriqoriu həm boyük cəsarət göstərdi, həm də ombudsmana məxsus bir hərəkət etdi: “Bu gün biz Aureliya xanımı yüksək dəyərləndirməkdə haqlıyıq və ona öz təşəkkürümüzü bildiririk”.
Moldova ombudsmanı A.Qriqoriu Azərbaycan hökumətinə öz təşəkkürünü bildirərək qeyd edib ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur, bu problemin həlli istiqamətində işlər daha da aktivləşdirilməlidir: “Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, biz bu məsələnin tam həll edilməsi istiqamətində fəaliyyətimizi daha da artırmalıyıq, çünki haqq-ədalət Azərbaycanın tərəfindədir”.
A.Qriqoriu, həmçinin BMT Təhlükəsizilik Şurasının bir sıra hallarda ədalətli mövqe tutmadığını söyləyib. O, təklif edib ki, Azərbaycan BMT strukturunda, mexanizmində köklü dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etməlidir: “Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı qətnamələrini yerinə yetirməkdən kobud şəkildə imtina edir və məhz bu səbəbdən də mən Azərbaycanı BMT mexanizmində dəyişikliklər etməyə təşəbbüs göstərməyə çağırıram”.
Daha sonra A.Qriqoriuya insan hüquqlarını, xüsusən də Azərbaycan xalqının hüquqlarını müdafiə etdiyinə görə Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumu və digər QHT-lər tərəfindən bır sıra mükafatlar, o cümlədən ilk dəfə yaradılan “Tarixi İmza” mükafatı təqdim edilib.