Prezident İlham Əliyev və xanımı III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak edirlər
Oktyabrın 31-də III Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.
Qeyd edək ki, Forumun işində dünyanın 100-dən çox ölkəsindən olan qonaqlar iştirak edir.
İki gün davam edəcək Forumda səkkiz sahə üzrə “dəyirmi masa”lar təşkil ediləcək: “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövrdə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”.
Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
Forumun məqsədi “dəyirmi masa”lar vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasıdır.
2010-cu ilin Forumunun təşəbbüsçüləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev idi.
Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır.