Həqiqi hərbi xidmətdə həlak olan, xəbərsiz itkin düşən hərbçinin ailəsinə onun sığortasının tam 100 faizi həcmində müavinət veriləcək
Azərbaycanda həqiqi hərbi xidmət zamanı həlak olan və ya xəbərsiz itkin düşən hərbçinin ailəsinə onun sığortasının tam 100 faizi həcmində müavinət veriləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanuna dəyşiklikdə öz əksini tapıb.
Dəyişikliklərdə qeyd olunur ki, sığorta olunan həqiqi hərbi xidmət zamanı həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmənin qərarı ilə ölmüş elan olunduqda, həmçinin xəsarət aldıqda, habelə hərbi xidmətdən azad edildikdən 3 il sonra dünyasını dəyişdikdə onun ailəsinə sığorta məbləğinin 100 faizi həcmində müavinət veriləcək. Hərbi xidməti yerinə yetirərkən xəsarət alan və ya xəstəliklə əlaqədar olaraq 3 il müddətində sığorta olunana əlillik müəyyən edildikdə, birinci qrup əlilə sığortanın həcminin 80 faizi, ikinci qrupa 60 faizi, üçüncü qrup əlilə 40 faizi, ağır xəsarət aldıqda 25 faizi, yüngül xəsarət alana isə sığortanın 5 faizi miqdarında müavinət veriləcək.