Ümumrusiya Azərbaycan Konqresi: Orxan Zeynalov günahkar deyilsə, ölüm işinin onun boynuna qoyulmasına imkan verməyəcəyik
“90-cı illərin əvvəllərində bir çox rus MDB dövlətlərindən qovulurdu. Bu gün Rusiyada o illəri yada salanda tənqid edirlər. Bu diskriminasiya hallarına yol verən siyasətçilər tənqid olunur. Bəs indi Rusiyada baş verənlər rus olmayanlara qarşı həmin hadisələrin təkrar edildiyini xatırlatmırmı?..”
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Ümumrusiya Azərbaycan Konqresi Rəyasət Heyətinin üzvü Rüstəm Arifcanov deyib. O bildirib ki, Azərbaycan hökuməti, Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresi Orxan Zeynalova münasibətdə Rusiya hüquq-mühafizə orqanlarının qanuni rəftar göstərməsinə nail olmaq üçün inadkarlıq göstərəcək: “Biz elementar hüquq normalarına Rusiyanın riayət etməsini xahiş edirik. Əgər Zeynalov günahkar deyilsə, hüquq-mühafizə orqanlarının ölüm işini onun boynuna qoymasına imkan verməyəcəyik. Heç bir vətəndaşa qarşı məhkəmənin qərarı olmadan cəza tətbiq etmək olmaz. Biz bilirik ki, baş vermiş hadisədən sonra bir sıra məsuliyyətsiz insanlar azərbaycanlılara qarşı qisas aktı keçirmək niyyətini dilə gətirir. Deməliyəm ki, Ümumrusiya Azərbaycan Konqresinin üzvləri sırasında çoxlu sayda vəkil var və əgər Azərbaycan vətəndaşlarına qarşı zor tətbiq edilərsə, soydaşlarımız ÜAK-in sıralarındakı hüquqşünasların xidmətindən təmənnasız şəkildə yararlana bilərlər. ÜAK-ın saytında, “Azərbaycan Konqresi” qəzetində biz yardıma hazırlığımız haqda elan vermişik”.