Avropa Parlamentinin deputatı: “Azərbaycanda seçkilər şəffaflıq və demokratiya şəraitində keçirilib”
“Azərbaycanda prezident seçkiləri sakit şəkildə, şəffaflıq və demokratiya şəraitində keçirilib”
Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Avropa Parlamentinin Estoniyadan olan deputatı Kristina Oyuland bildirib.
“Avropa Parlamentinin üzvü kimi mən də bu strukturun hesabatında seçkilərin demokratik şəraitdə keçirilməsinə dair fikrə qoşuluram”.
Onun sözlərinə görə, heç bir ölkə mükəmməl ola bilməz, lakin əminliklə demək olar ki, on il ərzində Azərbaycan dinamik şəkildə inkişaf edib.
Oyuland bildirib ki, seçkilər zamanı hamının internetdən azad şəkildə istifadə etməsi əhəmiyyətli dərəcədə vacibdir.
Müşahidəçi hesab edir ki, Azərbaycan müxalifətinin nümayəndələri sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyiblər.
Oyuland vurğulayıb ki, bu seçkilər son illər Qərb ölkələri ilə strateji əməkdaşlıq və inkişaf edən münasibətlər quran Azərbaycanın çətin inkişaf prosesinin mərhələlərindən birini təşkil edir.
O bildirib: “Seçkilər sakit şəraitdə keçirilib”.